Millimizin baş məşqçisi: "Güclü komandalara qarşı oynamaq bizə böyük təcrübə qazandırdı"

18:45 11 May 2018

Slovakiyada keçirilən beynəlxalq turnirdə 3-cü yer uğrunda oyunda ABŞ millisinə 0:3 hesabıyla uduzaraq yarışı 4-cü pillədə başa vuran 19 yaşadək futbolçulardan ibarət yığma komandamızın baş məşqçisi Vüqar Məmməd qarşılaşma və turnirlə bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, gənc mütəxəssis yetirmələrinin oyunundan razı qaldığını deyib:

 

“Məğlub olmağımıza baxmayaraq, oyundan və futbolçulardan razı qaldım. Yaratdığmız qol imkanlarından istifadə edə bilmədiyimiz üçün məğlub olduq. Fiziki cəhətdən güclü olan rəqib, taktiki baxımdan da yaxşı oynadı. Onları 3-cü yer tutmaları münasibəti ilə təbrik edirəm. Ümumilikdə turnir haqda onu deyə bilərəm ki, çox yüksək səviyyədə təşkil olunub. Güclü komandalara qarşı oynamaq bizə böyük təcrübə qazandırdı. Rəqiblərin heyətində “Mançester Yunayted”, “Liverpul”, “Şalke”, “Sampdoriya”, Kiyev “Dinamo”su və “Lester” kimi klubların üzvləri çıxış edirdi. Düşünürəm ki, yeganə mənfi tərəfi qrafikin sıx olmasıdı. Beş gün ərzində 4 oyuna çıxdıq. Bunun da nəticəsində artıq son oyunda futbolçular yorğun idilər və qırmızı vərəqələr də müəyyən mənada bundan qaynaqlandı. Futbolçuların hər birindən razı qaldım, onlar millinin formasını geyinməyə layiqdilər. Təkrar edirəm, belə güclü rəqiblərlə tez-tez oynayıb təcrübə və ustalığımızı artırmalıyıq. Nə taktiki, nə də əzmkarlıq baxımından rəqiblərimizdən geri qaldıq. Amma daim inkişaf etmək üçün çalışmalıyıq. Klublardakı həmkarlarıma da futbolçularmızın hazırlığı üçün təşəkkür edirəm. Döndükdən sonra da onlarla sıx əlaqədə olacağam. Birlikdə, planlı şəkildə işləməliyik. Hər bir futbolçuya fərdi yanaşmalı, sürətlə irəli getməliyik. Biz bu gün Avropada bunu gördük”. 


Digər xəbərlər

Xəbər xətti