Bir neçə gün əvvəl Pedro Enrike ilə yollarını ayıran “Qarabağ” daha bir futbolçusu ilə vidalaşa bilər.
Sportarena.az xəbər verir ki, Donald Gerye “köhlən atlar”dan ayrılaraq, əvvəl də çıxış etdiyi Polşaya üz tuta bilər. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Haiti millisinin üzvü 2013-2016-cı illərdə Polşanın “Visla” klubunun formasını geyinib. İndi isə bu ölkənin yüksək liqasında çıxış edən “Qurnik” Geryenin xidmətində maraqlıdı. Amma futbolçunun “Qarabağ”la müqaviləsi olduğundan, “Qurnik” yarımmüdafiəçini icarəyə götürə bilər.
Donald Gerye “Qarabağ”a ötən il “Alanyaspor”dan keçib.
Qeyd edək ki, “Qarabağ”ı daha bir futbolçunun - Riçard Almeydanın da tərk edəcəyi gözlənilir. Pedro Enrike isə artıq müqavilə ilə məxsus olduğu PAOK-a qayıdıb.