"Kəpəz"in uğursuzluğunun hesabını kim verəcək? - YAZI

Sportarena.az      25 May 2018, 14:36

Topaz Premyer Liqasında mövsüm başa çatdı. 28 turluq marafonun sonunda "Qarabağ" ardıcıl 5-ci dəfə çempioluğu bayram etdi. Ağdam klubunun çempion olduğu mövsümdə başqa bir köklü klub isə Premyer Liqanı tərk etdi. Heç kimə sirr deyil ki. söhbət "Kəpəz"dən gedir.

 

Mövsümün sonlarında AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Məlum oldu ki, sonunu yerin sahibi idman prinsiplərinə görə elitanı tərk edəcək. Bütün futbol ictimaiyyəti bu qərara inanmasa da, reallıq bu idi. Hətta Gəncə təmsilçisinin növbəti mövsün üçün Premyer Liqada oynamaq üçün lisenziya alması hamını ümidləndirirdi ki, AFFA Premyer Liqada iştirak etmək istəyən daha bir kluba lisenziya verəcək və yüksək liqada növbəti mövsüm "Kəpəz" də daxil olmaqla 10 klub mübarizə aparacaq. Ancaq gözləntilər doğrulmadı. AFFA rəhbərliyi israr idman prinsiplərini əsas gətirərək, heç bir halda "Kəpəz"ə güzəşt edilməyəcəyini bildirdi.

 

 

Bununla da "Kəpəz" növbəti dəfə Birinci Diviziona yuvarlandı. Nə qədər qəribə görünsə də. elitada sonuncu yeri tutan komandanın rəsmi şəxsləri, azarkeşləri və futbol ictimaiyyəti komandanın Premyer Liqanı tərk etməsində günahkar kimi AFFA-nı göstərirdi. Həmin insanlar bir halda haqlı ola bilərdilər ki, "Kəpəz" turnir cədvəlində sonuncu yox, ən azı 7-ci olardı. Əslində, Gəncə təmsilçisinin autsayder olmasında günahkar klub, komanda üzvləri və məşqçi heyəti günahkardı.

 

Hər şey 2017/18 mövsümünə hazırlıqlar zamanı başladı. Gəncə Şəhər Stadionun ot örtüyü dəyişdirildiyindən klubun büdcəsində azalma oldu. Bu səbəbdən komandanın bir neçə aparıcı üzvünə daha yaxşı şərtlərlə müqavilə təklif etmək mümkün olmadı. Əldəki büdcə ilə daha yaxşı futbolçularla müqavilə bağlamağın mümkünsüz olduğunu görən Şahin Diniyev Birinci Divizionda çıxış edən, bir sıra klubların əsas heyətinə düşməkdə çətinlik çəkən futbolçuları komandaya cəlb etdi. Heyəti 70-80 faiz dəyişən, stadion təmirdə olduğu üçün demək olar ki, bütün oyunlarını səfərdə oynayan komanda mövsümə uğursuz başladı. Bir müddət sonra klubun başının üstünü "qara buludlar" aldı və bu hal bir müddət çəkdi. Baş verənlər kluba və komandaya təsirsiz ötüşmədi. Mövsümün ilk yarısının sonuna 2 tur qalmış - 12-ci turda Şahin Diniyev istefa verdi. Diniyev istefa verərkən, komanda 7 xalla sonuncu olsa da, çıxılmaz vəziyyətdə deyildi. Komanda avrokuboklara vəsiqə verən 4-cü sıradan 9 xal geri qalırdı.

 

 

Bu məqam belə təcrübəli mütəxəssisin getməsinə əngəl olmadı. Şahin Diniyevi isə Yunis Hüseynov əvəzlədi. Fəaliyyətdə olduğu müddətdə "Karvan"dan başqa heç bir kluba xeyri dəyməyən Hüseynov sələfinin komandasını dağıtdı. Diniyevdən fərqli olaraq gəncəli çalışdırıcıya klub rəhbərliyi daha yaxşı şərait yaratdı. O, istədiyi sayda komandaya legioner cəlb etdi. Hətta Şahin Diniyevin və gəncəlilərin sevimli oyunçusu Dario Federiko komandaya geri qaytarıldı. Qapıdan tutmuş, hücum xəttinə kimi bütün mövqelərə legionerlər cəlb edildi. Bir sözlə, elə Premyer Liqaya qayıtdığı ilk ildəcə komandanı avrokuboklara aparan Şahin Diniyevə işləməyə imkan yaratmayan rəhbərlik Yunis Hüseynova istənilən şərait yaratdı. Hətta komanda qış fasiləsi zamanı hazırlığın ikinci hissəsini Türkiyədə keçdi.

 

Yaradılan şəraitdən sonra Yunis Hüseynov nəinki vəziyyəti düzəltdi, hətta gəncəli azarkeşləri futboldan küsdürdü. Mövsümün qalan hissəsində onun rəhbərlik etdiyi komanda cəmi 6 xal yığa bildi. Təsəvvür edirsiz, Şahin Diniyevin Premyer Liqa təcrübəsi, oyun praktikası az olan komandası 8 xal yığdığı halda, Hüseynovun legionerlərdən və daha təcrübəli futbolçulardan ibarət komandası cəmi 6 xal toplaya bildi. Xal qazanmaq bir yana, komandanın məhsuldarlığı da xeyli aşağı idi.

 

Mətbuata diqqətçəkən açıqlamalar verən, hətta bir ara bu komanda ilə öyünən Yunis Hüseynov bəxtlərini gətirmədiyini deyirdi. Onun fikrincə, komandası daha çox son dəqiqələrdə, bəxtsiz şəkildə buraxılan qollar sayəsində məğlub olurdu. Amma o bir məqamı anlamırdı ki, qol vurmağı bacarmayan, xallara ehtiyacı olduğu halda, bütün rəqiblərinə qarşı müdafiə futbolu sərgiləyən komanda məğlubiyyətə məhkum idi.

 

 

Əslində komandanın Yunis Hüseynova tapşırılması səhv addım idi. O, 12-13 il əvvəl "Karvan"la UEFA kubokunda ilk dəfə mərhələ adlamaqla tarix yazsa da, karyerasının sonrakı dönəmində çalışdığı klubları elitada saxlaya bilmədi. Son olaraq "Xəzər Lənkəran"ı uçuruma yuvarlayan Hüseynov cənub klubunda çıxış etmiş futbolçuları "Kəpəz"ə apardı. Və nəticədə daha bir böyük klub Premyer Liqanı tərk etdi. Yaşını belə itirdiyimiz, ayağı top tutmayan Dieqo Souza və "Xəzər Lənkəran"a heç bir fayda verməyən futbolçularla "Kəpəz"də nəyəsə nail olmaq mümkün deyildi. Çünki digər klubların baş məşqçiləri Yunis Hüseynovdan fərqli olaraq, keçmişlə yaşamırlar və gələcəyə doğru addımlar atırlar.

 

Yunis Hüseynovun "Kəpəz"də baş məşqçi kimi komanda daxilində nizam-intizam yaratmaq işi də qənaətbəxş deyildi. Şadon Vinçester və Samir Zərgərov arasındakı mübahisəni yalanlarla mətbuatdan gizlətməyə çalışan məşqçi bu məsələdə açıq şəkildə yerli futbolçunun tərəfini saxladı. Vinçester mətbuata verdiyi açıqlamalarla Hüseynovun ona qarşı qərəzli olduğunu bildirdi və müəyyən qədərdə sübut etdi. Mövsümün sonunda "Kəpəz"in Premyer Liqanı tərk edəcəyi dəqiqləşdi. Gəncəli çalışdırıcı məsuliyyəti üzərinə götürüb istefa verməli olduğu halda, AFFA-ya mesajlar göndərməyə başladı. Kİ, "Premyer Liqada qalmasaq, Azərbaycan futbolu "Kəpəz" kimi klubu itirə bilər". Bəli, o məşqçi kimi işi və "Kəpəz"in uğursuzluğu ilə bağlı hesabat verməli olduğu halda, özünü klub rəsmisi kimi aparmağa başladı. Yəni, məsuliyyətdən mümkün qədər yayındı. İtirən "Kəpəz", üzülən isə azarkeşlər oldu. Gəncə Şəhər Stadionun tribunaları isə getdikcə boşalmağa başladı.

 

 

Klub rəsmilərindən söz düşmüşkən, onları tapmaq qəliz məsələyə çevrilib. "Kəpəz"in Premyer Liqada qalacağına ümid etdikləri vaxtda mətbuata çoxsaylı açıqlamalar verən bu şəxslər indi "Kəpəz"in gələcək taleyindən, niyə sonuncu olmasından danışmaq istəmirlər. Onların fikrincə, günahkar Premyer Liqanı 10 komandalı etməyib, idman prinsipləri əsasında klubun Birinci Diviziona düşdüyünü açıqlayan AFFA-dı.

 

Klub rəsmiləri və Yunis Hüseynov bəhanəni başqa yerdə axtarmaqdansa, biraz da günahları ilə hesablaşsalar yaxşı olar. Necə olur ki, mövsümün ilk yarısında "Kəpəz"lə eyni aqibəti yaşayan, maliyyə dayaqları heç də sağlam olmayan, klub rəhbəri ilə baş məşqçi arasında münasibətləri gərgin olan  "Keşlə" rəqibləri üçün başağırsına çevrilir, kubokun finalına yüksəlir? Hörmətli "Kəpəz" rəsmiləri və Yunis Hüseynov, bu, bizim sizə vermək istədiyimiz suallardan sadəcə biridi. Sual(lar)ımıza cavab vermək isə yəqin ki, sizin üçün çox çətindi. Həm biz, həm də azarkeşlər qaranlıq qalan suallara cavab axtarırıq...

 

Heybət Məmmədov

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin