Araz Abdullayev: "Qəbələ" ilə "Anortosis" pul məsələsində anlaşa bilmədi"

18:13 27 May 2018

Mayın 29-da Bakıda Qırğızıstan millisiylə qarşılaşacaq Azərbaycan millisinin üzvü Araz Abdullayev oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, yarımmüdafiəçi əvvəlcə matçla bağlı fikirlərini bildirib:

 

- Qarşıda bizi 3 oyun gözləyir. Çoxu deyir ki, sadəcə, yoldaşlıq görüşləridi. Lakin bizim üçün vacib oyunlardı. Bu matçlarda özümü yaxşı tərəfdən göstərmək istəyirəm.

 

- Kiprdə 33 oyunda şans qazansan da, klubda qalmadın. Buna səbəb nə idi?

- Əlbəttə, xaricdə oynamaq istəyirəm. Azərbaycanı ölkə xaricində təmsil etmək istəyirəm. Lakin “Qəbələ” ilə 6 aylıq müqaviləm var. Buna görə, indidən nəsə deyə bilmərəm.

 

- Qurban Qurbanov milli üzvü olan yerli futbolçuların xarici ölkə çempionatlarında oynamasını istədiyini dedi. Sənə bu barədə nə isə məsləhət verib?

- Belə söhbətimiz olmayıb. Sadəcə, komanda barədə danışmışıq. Avropaya getmək barədə danışmamışıq.

 

- “Anortosis”dən ayrılıq səbəbin nə idi? Məşqçin qalmanı istəyirdi. Sən necə?

- Əlbəttə, qalmaq istəyirdim. Karyeramı xaricdə davam etdirməyi arzulayıram. Lakin klublar arasında bəzi problemlər oldu. Hazırda “Qəbələ”nin üzvüyəm.

 

- “Anortosis”dən ayrılman səninlə, yoxsa “Qəbələ” ilə bağlı idi?

- Ola bilsin, klublar arasında pulla bağlı problem olub. Qabaqcadan bir şey deyə bilmərəm.

 

- Kipr çempionatını Azərbaycan Premyer Liqası ilə müqayisə edərdin.

- Orda 6 komanda ilk üçlük uğrunda mübarizə aparır. Burda isə cəmi 8 komanda çıxış edir. Hər halda, biz də burda yetişmişik. Öz ölkəm barədə pis heç nə demək istəməzdim.

 

- “Neftçi”də APOEL-ə qarşı çıxış etmişdin. Hazırda orda klubların səviyyəsi necədi?

“Anortosis” də yaxşı komandadı. Çempionatı 3-cü pillədə başa vurduq. Böyük fərq hiss etmədim. Güclü komandalardı.


Xəbər xətti