Mahmud Qurbanov "Sumqayıt"ı çalışdıra bilər - ÖZƏL

14:50 6 İyun 2018

Samir Abbasovun gedişindən sonra "Sumqayıt"ın baş məşqçi postu hələ də boşdu. Klub rəhbərliyinin yeni məşqçi axtarışları başa çatmaq üzrədir.

 

Sportarena.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar"ı yeni mövsümdən Mahmud Qurbanov çalışdırmağa yaxındı. O, sözügedən klubun prezidenti Riyad Rəfiyevin siyahısında yer alıb. Gənc mütəxəssisin "Sumqayıt"a təyinatı yaxın günlərdə rəsmiləşə bilər. Çünki Qurbanovla "Sumqayıt" arasında artıq danışıqlar baş tutub. Danışıqların təfərrüatları isə məlum deyil.

 

Maraq üçün qeyd edək ki, Qurbanov futbolçu karyerasının son mövsümünü "Sumqayıt"da keçirib. "Professor" ləqəbli yarımmüdafiəçi 2011/12 mövsümündə "kimyaçılar"ın formasını geyinib.

 

Əlavə edək ki. Azərbaycan futbolu tarixinin ən titullu futbolçusu məşqçi karyerası ərzində doğulduğu şəhərin - Gəncənin "Tərəqqi" və "Kəpəz" klublarında çalışıb. O, daha sonra millinin məşqçilər korpusunda yer alıb. Berti Foqtsun və Robert Prosineçkinin köməkçisi olub. Foqtsun istefasından sonra isə bir oyunda - Norveçlə görüşdə (0:1) baş məşqçi səlahəyiyyətlərini yerinə yetirib. Prosineçkinin millinin baş məşqçi postundan ayrılmasından sonra işsizdi.


Xəbər xətti