Ramos: “Firmino qrip olsaydı, məni günahlandıracaqdılar”

20:38 6 İyun 2018

“Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının finalında “Liverpul”un hücumçusu Məhəmməd Salahın zədələnməsindən sonra ona qarşı yönələn tənqidlərə cavab verib.

 

Sportarena.az xəbər verir ki, son olaraq ingilis klubunun qapıçısı Loris Kariusun buraxdığı kuryoz qolların da onunla əlaqələndirildiyini xatırladan müdafiəçi maraqlı fikirlər səsləndirib:

 

“Salahla bağlı məsələ çox şişirdildi. İlk olaraq o, mənim qoluma girdi və əks tərəfə yıxdı. Çiynini zədələdikdən sonra mənim cüdo hərəkət etdiyimi söylədilər. Qapıçının zədələnməyini belə mənimlə əlaqələndirdilər. Düşünürəm ki, Firmino qrip olsaydı, tərim meydana töküldüyü üçün məni günahlandıracaqdılar”.

 

Oyundan sonra Salahla əlaqə saxladığını söyləyən Ramos onu qınayanları anlamadığını bildirib:

 

“Matçdan sonra mesajlaşdıq, səhhəti yaxşı idi. Hətta iynə ilə ikinci hissədə oynaya bilərdi. Oyun ərzində bəzən sərt hərəkətlər ola bilər. Ancaq işin içində mən olanda hər şeyi şişirdirlər. Səbəbini mən də bilmirəm. Bəlkə də hər şey uzun müddətdir “Real”da olmağımdan və qələbələr qazanmağımdan irəli gəlir”.

 

Qeyd edək ki, “Real”ın 3:1 hesabı ilə qalib gəldiyi final oyununda Salah Ramosla ikili mübarizə zamanı çiynindən zədə almış və oyunu davam etdirə bilməmişdi. Bu hadisədən sonra ispan futbolçu ciddi tənqidlərə məruz qalmışdı


Xəbər xətti