Səlahət Ağayev: "Biz indi ancaq "Uypeşt” haqqında fikirləşirik"

16:27 24 İyun 2018

"Neftçi”nin qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına komandanın indiki durumundan, Avropa Liqasının püşkündən və yeni transferlərdən danışıb.

 

Sportarena.az həmin müsahibəni təqim edir: \

 

- Komandanın hazırlıq prosesi haqqında nə deyə bilərsiz?
- Fiziki hazırlığı Bakıda keçdik, sırf Avropa Liqasının oyunlarına hazırlaşmaq üçün isə Türkiyəyə gəldik. Komandanın çox istəkli olduğu görünür, bu, Bakıda da müşahidə olunurdu. Bu gün artıq yoxlama oyunumuz var, hazırlığımızın ilk nəticələrini bu oyunda görəcəyik.

 

- Yeni transferlər necə təsir bağışlayır?
- Komandaya yeni qoşulan futbolçulardan Darionu, Dabonu tanıyırıq. Onların haqqında ancaq müsbət rəy bildirə bilərik. Xorvatiyalı müdafiəçi Slavko Braliç də pis təsir bağışlamır, bizə xeyir verə biləcək bir oyunçudur. Tural Axundov və Rəşad Eyyubov da bizə kömək edə biləcək futbolçulardır.

 

- Keçən mövsüm Rəşad Əziziliylə rəqabətiniz var idi. Bu rəqabəti indi də hiss edirsiz?
- Əlbəttə ki, mən də bu rəqabəti hiss edirəm. Rəqabət bütün mövqelərdə olmalıdır. Bu, bütün komandanın xeyrinədi.

 

- “Neftçi”Avropa Liqasında Macarıstanın "Uypeşt” komandası ilə görüşəcək. Bu həddi keçsək, İspaniyanın "Sevilya”sı ilə qarşı-qarşıya gələcəyik...
- Biz indi ancaq "Uypeşt” haqqında fikirləşirik. Avropa Liqasına çıxan komanda zəif ola bilməz. Hesab edirəm ki, püşkün nəticəsi bizim üçün digər klublarımızınkından daha ağır oldu, amma əlimizdən gələni edəcəyik ki, oyunumuzu göstərək və azarkeşlərimizi sevindirək.

 

- Gələn mövsüm komanda və azarkeşlər nəyə ümid edə bilər?
- Komanda rəhbərliyi bizim üçün gözəl şərait yaradıb. Məşqçilərimiz hazırlıq prosesində lazımi tapşırıqlarını verirlər. Zəif cəhətlərimizin aradan qaldırılmasına çalışırlar. Boşluqlar lazımi transferlərlə gücləndirilir. Biz də dayanmadan məşqləri davam etdiririk. Yeni mövsümə yaxşı hazırlaşırıq. Əgər hər şey belə davam etsə, son mövsümdən daha yaxşı nəticələrə ümid edə bilərik. Azarkeşlərimiz də sona qədər bizimlə olsunlar. Qələbələrimizi birlikdə qeyd edək.


Xəbər xətti