"Qarabağ"dan 1 milyon avroluq transfer - YENİLƏNİB

15:35 25 İyun 2018

Yeni mövsümdə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” növbəti transferini gerçəkləşdirib.

 

Sportarena.az xəbər verir ki, bu iddia ilə Fransa mətbuatı çıxış edib. Ağdam klubu “Lans”in 26 yaşlı hücumameylli yarımmüdafiəçisi Abdulla Zoubiri heyətinə qatıb. Mərakeş əsilli fransız futbolçu ilə müqavilənin müddəti barədə Ağdam klubunun bu gün açıqlama verəcəyi gözlənilir.

 

Fransız həmkarlarımızın iddiasına görə, “Qarabağ” “Lans”la 2019-cu ilə qədər müqaviləsi olan Zoubirə görə qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

 

Qeyd edək ki, Fransada “Lans”dan əvvəl “Qrenobl”, “İstr” klublarının da formasını geyinən hücumameylli yarımmüdafiəçi Şotlandiyada “Hibernian” və Rumıniyada “Petrolul” komandalarında çıxış edib


 

"Qarabağ" artıq futbolçunun transferi barədə "Facebook" səhifəsində paylaşım edib. Oyunçunun kimliyi açıqlanmasa da, videodan göründüyü kimi "Lans"ın futbolçusudu. Bu o deməkdi ki, Abdulla Zoubirin transferi yekunlaşıb.

 

Xatırladaq ki, “Qarabağ” Abdulla Zoubirdən əvvəl Filip Ozobiç və Rahil Məmmədovu heyətinə qatıb.


Digər xəbərlər

Xəbər xətti