Adeniyi: “Qəbələ” haqqında yalnız xoş sözlər eşitmişəm

10:31 27 İyun 2018

Mövsümlərarası fasilədə “Qəbələ”nin heyətinə qatdığı Ceyms Adeniyi keçidinə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, 26 yaşlı nigeriyalı hücumçu 3 illik müqaviləyə imza atdıqdan sonra klub saytına açıqlama verib:

 

“Qəbələ”yə keçdiyim üçün çox şadam. Mən yüksək hədəfləri olan futbolçuyam. Yeni klubuma keçidimdə məqsədim bu hədəflərimə çatmaqdı. “Qəbələ”yə yeni uğurlara imza atmaq üçün gəlmişəm”.

 

Adeniyi “qırmızı-qara” forma ilə UEFA Avropa Liqasında uğurla çıxış etmək niyyətində olduğunu bildirib:

 

“Yeni komandamın UEFA Avropa Liqasında mübarizə aparacağı və turnirdə müəyyən hədəflərinin olmasından xəbərdaram. Bilirəm ki, “Qəbələ” əvvəlki mövsümlərdə avrokuboklarda müəyyən uğurlar qazanıb. Bu dəfə bacardığımız qədər irəliləməyi, əvvəlki uğurlardan daha yaxşı nəticə göstərməyimizi istəyirəm. Bunun üçün də səy göstərəcəm”.

 

Komanda barədə məlumatlı olduğunu vurğulayan Ceyms azarkeşlərə də müraciət edib:

 

“Qəbələ”yə keçməzdən öncə klub haqda məlumat toplamışam. Əvvəllər yoxlama oyunu zamanı bu komanda ilə üz-üzə də gəlmişəm. “Qəbələ” haqqında yalnız xoş sözlər eşitmişəm. Ona görə də indi məhz burdayam. Azarkeşlərə də demək istəyirəm ki, daim yanımızda olsunlar. Bacardığımın ən yaxşısını ortaya qoymağa çalışacağam. Onlara da öncədən təşəkkür edirəm”.


Digər xəbərlər

Xəbər xətti