Superliqa klubu: Şehiç olmasın, Emil Balayev olsun

11:38 27 İyun 2018

Azərbaycan millisinin qapıçısı Emil Balayev yenidən legioner həyatı yaşaya bilər.

 

Sportarena.az xəbər verir ki, “Ərzurumspor” klubu “Səbail”in qolkiperi ilə maraqlanır. Uzun fasilədən sonra Superliqada iştirak hüququ qazanan ərzurumlular bütün mövqeləri gücləndirmək niyyətindədi.

 

Türklərin “azəri Buffon” ləqəbi ilə təqdim etdikləri Emilin transfer qiyməti də “Ərzurumspor”u qane edir. Belə ki, 24 yaşlı qolkiperin 500-600 min avro müqabilində transferinin mümkünlüyü vurğulanıb. Həmkarlarımız Balayevin “Səbail”dən ayrılmaq qərarına gəldiyini, bu üzdən keçidin daha ucuz qiymətə baş tutma ehtimalının olduğunu yazıblar. Xəbərdə onunla İtaliya klublarının maraqlandığı da qeyd edilir.

 

Emil Balayev 2015/16 mövsümünü “Ayntraxt”da keçirərək, ilk dəfə legioner həyatı yaşayıb. Onun “Səbail”lə müqavilə müddəti gələn ilin yayına qədərdi.

 

Sabiq "Qarabağ"lı İbrahim Şehiçin "Ərzurumspor"a keçidi gözlənilsə də, bosniyalı qolkiper fikrini dəyişərək "Çaykur Rizəspor"la danışıqlara başlayıb. Görünür "Ərzurumspor" Şehiçin əvəzinə Balayevi transfer etmək istəyir.


Digər xəbərlər

Xəbər xətti