“Qəbələ” “Dinamo” ilə qarşılaşacaq

21:05 27 İyun 2018

2018/19 mövsümünə hazırlığını Sloveniyada davam etdirən “Qəbələ” iyunun 28-də ikinci yoxlama oyununu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” sabah Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq. Zaqreb təmsilçisi ilə görüş Murska Sobota şəhərinin “Mura” stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Xorvatiyanın ən titullu klubu olan “Dinamo”nun əsası 1945-ci ildə qoyulub. Komanda 6 qat (1923, 1926, 1928,1936/37, 1939/40, 1943) ölkə çempionu “Qradanski”nin bazasında formalaşdırılıb. Elə ilk mövsümdən Yuqoslaviya çempionatının yüksək liqasına qatılan zaqreblilər 1946/47 mövsümündə gümüş medal, növbəti il çempionluq əldə edib. Ümumiyyətlə, “Dinamo” Yuqoslaviya dönəmində 4 çempionluq (1947/48, 1953/54, 1957/58 və 1981/82) və 7 kuboka (1951, 1959/60, 1962/63, 1964/65, 1968/69, 1979/80, 1982/83) yiyələnib. Avrokuboklarda da uğuru olan komanda 1966/67 mövsümündə Yarmarkalar kubokunu başı üzərinə qaldırıb. 1962/63 mövsümündə isə turnirin finalçısı olub.

 

Xorvatiyanın müstəqillik əldə etməsindən sonra Zaqreb klubu ölkə futbolunun aşkar liderinə çevrilib. 27 mövsümdə 19 dəfə (1992/93, 1995/96, 1996/97, 1997/98, 1998/99, 1999/2000, 2002/03, 2005/06, 2006/07, 2007/08, 2008/09, 2009/10, 2010/11, 2011/12, 2012/13, 2013/14, 2014/15, 2015/16, 2017/18) çempion tituluna yiyələnən “Dinamo” 15 dəfə (1993/94, 1995/96, 1996/97, 1997/98, 2000/01, 2001/02, 2003/04, 2006/07, 2007/08, 2008/09, 2010/11, 2011/12, 2014/15, 2015/16, 2017/18) dəfə də ölkə kubokunun sahibi olub. 2002, 2003, 2006, 2010 və 2013-cü illərdə Superkuboka yiyələnən zaqreblilərin ev oyunlarını “Maksimir” stadionunda keçirir. Müstəqillik illərində avrokubokların az qala daimi iştirakçısına çevrilən “Dinamo” qitə miqyaslı turnirlərdə 300-ə yaxın oyun keçirib. UEFA Çempionlar Liqasının qrup mərhələsinə düşməsi adi hala çevrilən klub bundan böyük uğur qazanıb, ötən əsrin 60-cı illərindəki nailiyyətlərini təkrarlaya bilməyib. Xorvatiya çempionatında növbəti dəfə qızıl medallara yiyələnən komanda 2018/19 mövsümündə Çempionlar Liqasında mübarizə aparacaq.

 

Xatırladaq ki, “Qəbələ” ilk yoxlama oyununda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti