"Qarabağ"ın futbolçusu FİFA-ya üsyan etdi

15:42 29 İyun 2018

"Qarabağ"ın müdafiəçisi Yakub Jezniçak DÇ-2018-in H qrupunda 1/8 finala vəsiqə qazanan 2-ci komandanın “Fair-play” qaydaları ilə müəyyənləşdirilməsinə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, polşalı futbolçu şəxsi "Twitter" və "İnstagram" hesabında FİFA-nın qərarını tənqid edib. O, bunun haqsızlıq olduğunu bildirib:

 
"Məncə, FİFA-nın qalibi “Fair-play” qaydaları ilə müəyyənləşdirməsi uğursuz variantdır. Hər hakimin oyuna fərqli baxışı var. Bəzisi sağa-sola vərəqə paylayır, bəzisi isə hətta kobud oyuna görə belə əlini cibinə atmır. Əgər növbəti mərhələyə vəsiqə “Fair-play” amilinə görə müəyyənləşirsə, onda gərək VAR (videotəkrar) sistemi hər bir vərəqəni yoxlasın".

 

Jezniçak dünya çempionatı oyunlarının isti havada keçirilməsini də narazılıqla qarşılayıb:

 

"Üstəgəl ora həqiqətən də çox istidir. Bunu yaxşı bilirəm. Çünki Bakıda da axşam saat 8-də, hava elə də isti olmayanda oynayanda görürsən ki, başqa ölkədən olan rəqiblərimiz 30-40-cı dəqiqədən sonra istidən "ölürlər", hərəkət edə bilmirlər".

 

Qeyd edək ki, dünən DÇ-2018-in H qrupunda Seneqal və Yaponiyanın xalları, top fərqi və aralarında keçirdikləri oyunun nəticəsi bərabər olduğundan, növbəti mərhələyə vəsiqəni “Fair-play” qaydaları müəyyənləşdirib. Daha az sarı vərəqə görən asiyalılar 1/8 finala adlayıblar. Kolumbiya isə qrup lideri kimi adını 16 ən güclü yığma arasına yazdırıb.


Digər xəbərlər

Xəbər xətti