Vaqner da Silva: "Kamran və Eminlə Azərbaycan futbolu haqda söhbətimiz olub"

10:15 19 İyul 2018

“Qarabağ”ın yeni transferləri Vaqner da Silva Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Olimpiya” ilə oyunundan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, braziliyalı qolkiper əvvəlcə onları növbəti mərhələyə yüksəldən qolsuz heç-heçəni dəyərləndirib.

 

- Oyundan öncə məşqçimiz dəfələrlə vurğulamışdı ki, çox çətin görüş olacaq. Biz də start fitindən etibarən bunun şahidi olduq. Məqsədimiz hər oyunda qələbə qazanmaqdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, bəzən turu keçmək üçün nəticəyə oynamağı da bacarmalısan. Çətin oyun olsa da, sonda istəyimizə nail olduq.

 

- Meydanda çox sərbəst görünürdünüz və rahat oynayırdınız. Deyəsən, adaptasiya mərhələsini erkən keçmisiniz...

- Adaptasiya dövrünü tez keçdiyimi söyləmək olmaz. Belə rahat oynamağım təcrübədən irəli gəlir. Braziliyada tətildə idim. “Qarabağ”da 4 məşqdən sonra oyuna çıxdım. Son 1 həftədə də məşqləri davam etdirirdik. Özümü psixoloji cəhətdən hər zaman güclü saymışam. Meydandakı sərbəstliyimi bunlarla əlaqələndirərdim.

 

- “Olimpiya” ilə hər iki oyunda qapınıza doğru elə də təhlükəli zərbə gəlmədi. Bu baxımdan demək olarmı ki, nəyə qadir olduğunuzu hələ tam göstərməmisiniz?

- Sizinlə razıyam. Amma mənim düşüncəmə görə, bu tip matçlarda qapıya doğru normal zərbələr gəlmir. Ona görə də hərdən fikir yayınmaları olur. Bu səbəbdən 90 dəqiqə diqqətli olmalısan. Ardıcıl zərbələr gələndə qapıçıya da asan olur.

 

- Azərbaycan millisinin qapıçısı Kamran Ağayevlə “Boavişta”da  birlikdə oynamısınız. Bu qapıçı yadınızda qalıbmı?

- Kiçik ölkələrin çempionatlarını izləməyi xoşlayıram. Kamran Ağayev və Emin Mahmudov “Boavişta”da çıxış edəndə onlarla Azərbaycan futbolu haqda söhbətimiz olub. Ötən il “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarını da izləmişəm. Baş məşqçinin tətbiq etdiyi sistemi çox bəyənirəm. Ona görə adaptasiya prosesinin çətin keçməyəcəyini düşünürəm.

 

- “Qarabağ” sizdən öncə İslandiya millisinin qapıçısı Hannes Halldorssonu transfer etdi. Çox güman ki, əsas qapıçı da elə o olacaq. Necə düşünürsünüz, Halldorssonla rəqabətə davam gətirə biləcəksiniz?

- Bu məsələ məni qətiyyən narahat etmir. Düzdür, birinci onunla müqavilə imzalanıb. Belçikə çempionatına gedəndə “Muskron”da əsas qapıçı İsrail millisinin qolkiperi idi. Onu sıxışdırıb əsas heyətdə mən oynadım. “Boavişta”da isə Azərbaycan millisinin qapıçısı Kamran Ağayevi əsas heyətdən sıxışdırıb çıxardım. Ona görə də mənim üçün hansısa çətinlik olmayacaq. Əksinə, belə rəqabət xoşuma gəlir.

 

- Kamran Ağayev “Boavişta”dan qalmaqallı ayrıldı. Bəlkə siz deyəsiniz, orada nə baş vermişdi?

- Bu, mənə aid məsələ deyil. Olanları dərindən bilmirəm. Mən komandaya gələndən bir müddət sonra Kamran getdi. Ona görə də ətraflı nəsə deyə bilmərəm.


Digər xəbərlər

Xəbər xətti