Sənan Qurbanov: "İlk oyundakı məğlubiyyət bizi daha da birləşdirib"

03:24 19 İyul 2018

“Qəbələ” sabah keçiriləcək UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununda Lüksemburqun “Proqres” klubu ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov matçdan öncə fikirlərini klub saytına açıqlayıb:

 

“Evdə keçirilən ilk oyunda məğlub olmağımız çox pis haldı. Rəqib komanda nə qədər kompakt, müdafiə futbolu göstərsə də, biz öz oyunumuzu nümayiş etdirsəydik, nəticə fərqli ola bilərdi. Öz meydanımızdakı məğlubiyyətdən sonra mərhələ adlamağımız çətin görünür. Lakin mən komandamıza inanıram. Lüksemburqa da bu fikirlə gəlmişik. “Proqres”dən güclü olduğumuzu sübut etmək istəyirik”.

 

Qurbanov komandadakı durum və heyətdə gözlənilən dəyişikliklər barədə də danışıb:

 

“Komandada yaxşı ab-hava var. İlk oyundakı məğlubiyyət bizi daha da birləşdirib. Komanda şəklində qarşılaşmadan müsbət nəticə ilə ayrılmaq istəyirik. Bilirik ki, səviyyə baxımından rəqibdən üstünük. Səfər matçında qalib gəlib, mərhələ keçmək istəyirik. İlk oyunla müqayisədə heyətdə bir neçə dəyişiklik olacaq. Voyislav Stankoviç zədəli olduğu üçün səfər matçına gəlməyib. İlk görüşü zədə səbəbindən buraxan komandamızın kapitanı Cavid Hüseynovun səfər matçında meydana çıxmaq ehtimalı yüksəkdi”.


Digər xəbərlər

Xəbər xətti