Roberto Bordin: "Ümid edirəm, uğurlu nəticəni təkrarlayacağıq"

03:40 19 İyul 2018

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 19-da, Bakı vaxtı ilə saat 23:00-da "Ferens Susa” stadionunda keçiriləcək Macarıstan "Uypeşt”i ilə cavab oyunu öncəsi “Neftçi”nin baş məşqçisi Roberto Bordin və futbolçu Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

 

Sportarena.az xəbər verir ki, tədbirdə əvvəlcə oyun haqda fikirlərini bildirən italiyalı mütəxəssis sonra jurnalistlərin suallarını cavablandırıb:

 

“Bakıdakı kimi, burada da asan olmayacaq. Matça 3:1 hesabı ilə öndə başlayacağıq, amma bizi güclü komanda ilə çətin oyun gözləyir. Bakı ilə müqayisədə burada hava normaldı və bu hər iki komanda üçün daha yaxşı oynamağa şərait yaranacaq. Rəqib var gücünü ortaya qoyacaq. Buna hazır olmalıyıq. İlk oyunda buraxdığımız qol bizə yaxşı mənada təsir etdi və effektli nəticə göstərdik. Ümid edirəm, uğurlu nəticəni təkrarlayacağıq”.

 

Ardından Emin Mahmudov fikirlərini açıqlayıb:

 

"Əlbəttə, ağır oyun olacaq. Çünki rəqib fiziki baxımdan güclüdü. Biz öz oyunumuzu göstərib, uğurlu nəticə qazanmağa çalışacağıq. Matça tam köklənmişik. Nə qədər çətin olsa belə, çıxıb oyunumuzu oynayacağıq”.


Digər xəbərlər

Xəbər xətti