Zaur Axundov oyun alveri ilə bağlı iddialara cavab verdi

Sportarena.az      7 Avqust 2018, 17:15

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov klubun rəsmi saytına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, klub rəhbəri komandasının Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Maltanın "Baltsan" klubuyla matçlarla bağlı mətbuatda yazılanlara münasibət bildirib:

 

"Son günlər bəzi mətbu orqanlarda "Keşlə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Maltanın “Baltsan" klubuna qarşı səfərdə keçirdiyi oyunun guya ki, UEFA tərəfindən şübhəli oyunlar siyahısına salınması ilə bağlı əsassız, absurd və düşünürəm ki, qərəzli məlumatlar yer almaqdadı. Burada vurğulanması vacib olan bir sıra məqamlar var. Əvvəla, Avropa Liqası hansısa milli assosiasiyanın və ya digər təşkilatın deyil, UEFA-nın təşkil etdiyi turnirdi. UEFA-ya məxsus turnirlərdə şəffaflığın təmin olunması birbaşa qaydada Avropa futbol təşkilatının diqqətində olan məsələdi. “Keşlə”nin Müşahidə Şurasının sədri, eyni zamanda, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olaraq hər hansı oyunun nəticəsinin danışılmış olması barədə hətta hər hansı kiçik ehtimala, azacıq şübhəyə belə etinasız yanaşmayacağım heç kimdə şübhə doğurmasın. Azərbaycan futbolunda şəffaflığın qorunub-saxlanması üçün ötən mövsüm “Keşlə”nin iştirakı ilə görülən tədbirlər yəqin ki, çoxlarının yadındadı. Klubun və şəxsən mənim bu məsələ ilə bağlı mövqeyim heç bir halda dəyişə bilməz".

 

Axundov bildirib ki, bəzi mətbu orqanlarda artıq ittiham xarakterli məlumatların yer alması məsələyə reaksiya vermələrini zəruri edib:

 

“Baltsan” – “Keşlə” oyunu ilə bağlı “Keşlə” klubunun ünvanına səsləndirilən ittihamların heç bir məntiqi əsası yoxdu, kiminsə təxəyyülünün məhsulu olan həmin məlumatlar həqiqəti əks etdirmir. Bir daha qeyd edirəm ki, UEFA-nın təşkilatçılığı ilə keçirilən turnirlərdə nəticəsi şübhəli sayıla bilən qarşılaşmalar olduqda araşdırma dərhal UEFA tərəfindən aparılır və yerli futbol federasiyalarına dərhal məlumat verilir. Bununla bağlı AFFA ilə əlaqə saxlamışam. “Baltsan” – “Keşlə” qarşılaşmasının nəticəsinin şübhəli olması barədə UEFA-dan AFFA-ya heç bir məlumat daxil olmayıb. Həmin oyunun şübhəli qarşılaşmaların siyahısına daxil olunması barədə bəzi saytlarda verilmiş məlumat doğru deyil. Bu cür əsassız yazıların dərc olunması təkcə bir şəxsin, bir klubun deyil, bütövlükdə ölkə futbolunun imicinə xələl gətirə bilər. Heç kim öz fantaziyasının məhsulunu ictimaiyyətə fakt kimi təqdim etməyə cəhd göstərməməlidir. Azərbaycan futbolunun şəffaf, hər cür danışılmış oyunlardan uzaq olması üçün fəaliyyətimizi və mübarizəmizi bundan sonra da davam etdirəcəyik. “Keşlə” klubu da hər zaman bu prosesə öz töhfəsini verməyə çalışacaq”.

 

Qeyd edək ki, "Keşlə" səfərdə 1:4 hesabıyla uduzduğu "Baltsan"a evdə 2:1 hesabıyla qalib gəlsə də, iki oyunun ümumi nəticəsinə görə mübarizəni dayandırıb

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin