"Qarabağ" BATE-yə uduzdu, milyonlardan məhrum oldu

15:58 15 Avqust 2018

Bildiyiniz kimi, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək. 

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun  2018/2019 mövsümündə avrokuboklarda iştiraka görə əldə edəcəyi mükafatın məbləği müəyyənləşib. Çempionlar Liqasında (ÇL) I, II və III təsnifat mərhələsinin iştirakçısı olan Ağdam təmsilçisinə müvafiq olaraq, 280, 380 və 480 min avro ödəniləcək. 3-cü raundda iki oyunun nəticəsinə əsasən (0:1, 1:1), Belarusun BATE komandasına uduzan "Qarabağ” Avropa Liqasının pley-off mərhələsindəki iştiraka görə daha 300 min avro qazanacaq. Bu isə ümumilikdə 1 milyon 440 min avro deməkdir.

 

"Qarabağ”ın Avropa Liqasında büdcəsini daha da zənginləşdirmək imkanı var. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinə vəsiqə qazanarsa, 2 milyon 620 min avro əldə edəcək.

 

Qrup mərhələsində hər qələbəyə 570 min avro, heç-heçəyə 190 min avro veriləcək. İstifadə olunmamış vəsaitlər (hər heç-heçə üçün 190 min avro) toplanacaq və qrup mərhələsində çıxış etmiş klublar arasında qələbə sayına uyğun bölünəcək. Qrup qalibləri 1 milyon avro, ikinci yerin sahibləri isə 500 min avro əldə edəcək.

 

Qrupdan pley-off mərhələsinə yüksələcək klublar üçün ödənişlərə gəlincə, 1/16 finalçılar 500 min avro, 1/8 finalçılar 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar isə 4,5 milyon avro alacaq. Qalibə isə 4 milyon avro ödəniləcək.

 

UEFA ÇL-in və Avropa Liqasının qrupuna düşə bilməyən ölkə çempionlarına əlavə olaraq, 260 min avro da verəcək. Yəni, "Qarabağ” pley-offda "Şerif” (Moldova) – "Valür” (İslandiya) cütünün qalibini keçə bilməsə, mövsümü 1 milyon 700 min avro qazancla başa vuracaq.
 

Qeyd edək ki, "Qarabağ"ı məğlub edərək, Çempionlar Liqasının pley-offuna yüksələn BATE PSV səddini keçə bilməsə, 5 milyon avro mükafat alacaq. Əgər Borisov təmsilçisi ÇL-in qrupuna vəsiqə qazansa, büdcəsinə 15,25 milyon avro əlavə olunacaq.


Digər xəbərlər

Xəbər xətti