Miçel: "Yıxıldınsa, qalxmağı bacarmalısan"

23:24 18 Avqust 2018

Bu gün Topaz Premyer Liqasında ikinci tura start verilib. Turun açılış matçında “Səbail” son çempion “Qarabağ”ı qəbul edib və qonaqlar meydandan qalib ayrılıb (0-2).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun futbolçusu Miçel jurnalistlərin suallarını cavablandırıb:

 

- Oyun haqda fikirlərini bilmək istərdik...

- Ümumiyyətlə, rəqibdən aslı olmayaraq, səfər oyunları hər zaman çətin olur. Bugünki oyun da istisna olmadı. Oyunun ilk dəqiqələrində istədiyimiz kimi oynaya bilmirdik, lakin sonra nəzarəti ələ ala bildik.

 

- BATE-yə məğlub olub Çempionlar liqasını tərk etdikdən sonra, Premyer liqa oyunlarına hazırlaşa bilmisinizmi?

- Bu, futbolun qanunudur: yıxıldınsa, qalxmağı bacarmalısan. İstənilən halda davam etməliyik. Hələ Avropa Liqasının oyunları var. Sadəcə çalışmaq lazımdır.

 

- Oyun zamanı zədə aldınız və həkim müdaxiləsinə şahid olduq. Problem nə idi və indi yaxşısınızmı?

- Ciddi bir problem deyil. Sadəcə gəzən zaman ağrı olur.

 

- “Şerif”lə oyundan necə nəticə gözləməliyik?

- Rəqib peşəkardır və onla yarışmaq çətindir. Lakin arzumuz və məqsədimiz bəllidir. Ümid edirik ki, hər şey yaxşı olacaq.

 

- Miçel rəqib qapısına yol tapa bilir. “Şerif”lə oyunda da bu performansı gözləyə bilərik?

- Göylərdə uçmaq lazım deyil. Əsas olan qolu kimin vurması deyil, vurulan qolun komandaya nə qazandırdığıdır.

 

- “Qarabağ” üçün Avropa liqasının qruplarına düşmək uğur sayılır?

- Azərbaycan futbolunun indiki vəziyyətini nəzərə alsaq Avropa liqasında yarışmaq da uğurdur.

 

- “Qarabağ” Avropa liqasında 2 və ya 3-cü səbətə düşə bilər. Bu, vəziyyəti biraz yüngülləşdirə bilərmi?

- Hansı səbətə düşməkdən aslı olmayaraq, gərək rəqiblərimizə qalib gələk və növbəti mərhələyə keçək.


Digər xəbərlər

Xəbər xətti