Rahid Əmirquliyev: "İstəməzdik belə olsun"

10:48 19 Avqust 2018

Dünən Topaz Premyer Liqasında 2-ci tura start verilib. Turun açılış matçında “Səbail” son çempion “Qarabağ”ı qəbul edib və qonaqlar meydandan qalib ayrılıb (0-2).

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “Səbail”in futbolçusu Rahid Əmirquliyev jurnalistlərin suallarını cavablandırıb:

 

- Çempionat yeni başlayıb və artıq qapınızdan 5 top keçib… 

- Biz də istəməzdik belə olsun, lakin təəssüf ki, hər zaman istədiyimiz olmur. Hər iki oyunda da eyni səhvlər təkrarlandı. “Qarabağ” da səhvləri bağışlamır. Buna baxmayaraq, qarşıdakı oyunlara hazırlaşmalı və bundan sonrakı oyunlarda səhvləri təkrarlamamalıyıq.

 

- Çempionata 6 xal geridən başlamalısınız. Komandanın bundan sonrakı planları və ümidləri nələrdir?

- Bizim planımız Avroliqada oynamaqdır. Doğrudur, 6 xal geridən başlamışıq, lakin bunu kompensasiya etmək üçün heç vaxt gec deyil.

 

- Komandaya yeni transfer edilmisən və “Səbail”in sənə ümidləri böyükdür. Bəs, oyuna adaptasiya olmaq üçün sənə nə qədər vaxt lazımdır?

- Bilirsiniz ki, uzun müddət oynamayan futbolçu formadan düşür. Bacardığım qədər tez bir zamanda özümü oyuna kökləməyə çalışacam.

 

- 3-cü turdan sonra milli komandanın heyəti açıqlanacaq. Özünü o heyətdə görürsən? 

- Əsas mənim yox, Qurban Qurbanovun görməsidir. Lakin indiki vəziyyətdə ideal formada olduğumu deyə bilmərəm.

 

- Qarşıdan Millətlər liqası gəlir. Səncə, Kosova və Malta ilə bacara biləcəksiniz?

- Kosovanın oyunlarına baxmışam, heç də asan rəqib deyil. Hər halda qələbəyə ümid etmək olar.


Digər xəbərlər

Xəbər xətti