Qurban Qurbanov: "Sabah Rəşad Sadıqov əsas heyətdə olacaq"

19:46 29 Avqust 2018

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldovanın "Şerif" klubuna qarşı keçirəcəkləri cavab oyunundan əvvəl mətbuat nümayəndələri ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında öncə bunları deyib:

 

- Doğma meydanda, azarkeşlərimizin önündə qələbə qazanmaq istəyirik. Güclü rəqibə qarşı oynayırıq. Rəqib yaxşı müdafiə olunmağı bacarır. Meydanda həddindən artıq soyuqqanlı olmalıyıq. Düzgün oynamağı qarşımıza məqsəd qoymuşuq.

 

- Zubirin son durumu necədi? Sabahkı oyunda "Qarabağ"a qollar lazım olacaq, hücumda nələri düşünürsüz?

- Sabah tam dəqiq qərar veriləcək. Nisbətən yaxşılaşıb, lakin son qərar sabah veriləcək. Qol vurmaq üçün topla düzgün oynamalıyıq. Oyuna hazırlaşmışıq.

 

- İstər BATE, istərsə də "Neftçi" ilə oyunda qol vurmaq lazım olanda futbolçular sanki stress altında olurdu. Bu haqda fikirləriniz nədi?

- Futbolçular onlardan daha çox şey gözlədiymizi bilir. Bu da onları stressə salır. Stress varsa, deməli, məsuliyyət var. Futbolçu üçün matçın gedişatında öz oyununu dəyişmək asan deyil.

 

- Sabah uduzarıq deyə bir fikir varmı futbolçularda?

- Oyundan-oyuna təzyiqlər çoxalır. Sabahkı oyunda məğlub olmağı deyil, qalib gəlməyi düşünürük.

 

- Azarkeşlərə hər hansı müraciətiniz varmı?

- Düşünürəm ki, sabaha 23 min və ya daha çox azarkeş olacaq. Onlar bizi tək qoymayacaqlar.

 

- Millinin sabahkı toplanışında iştirak edəcəksinizmi? 

- Hər bir başlanğıca fərqli hazırlaşırıq. Komanda hamısı tam şəkildə yerində olanda daha yaxşı hazırlaşırıq. Hər şey qaydasındadı.

 

- Filip Ozobiç ölkə çempionatında daha yaxşı oyun sərgiləyir. Lakin Avroliqada vəziyyət başqadı. Onun oyunu ilə bağlı nə düşünürsüz?

- Filip oyundan-oyuna daha yaxşılaşacaq. Sabah ondan faydalana bilərik.

 

- Azarkeş sayının az olmasının tribunada polislərin onlara qarşı pis rəftarı ilə əlaqədar olduğunu düşünmürsüz?

- Bu haqda bir söz demək düz olmaz. Bu gün 13 min bilet satılıb. Bəlkə də sabah stadion dolu olacaq. Hər yerdə polis-azarkeş mübahisələri olur. Sabah polislərimizdən azarkeşlərimizə qədər hamı bir olmalıdı.

 

- Müdafiə xəttində hər hansı bir dəyişiklik gözlənilirmi?

- İnanıram ki, müdafiə xəttimiz daha yaxşı oyun sərgiləyəcək. Rəşada ünvanlanan təzyiqlər var. Lakin biz bunlardan uzaq olmalıyıq. Klubun uğurlarında ən böyük pay sahibi olanlardan biri Sadıqovdu.

 

- Araz Abdullayevin komandaya cəlb olunması gündəmdədimi?

- Arazın bəzi klublarla problemləri var. Biz dünəndən maraqlanmağa başlamışıq ki, bunu necə həll etmək olar. Öz tərəfimizdən kömək etməyə çalışırıq.

 

- Sabahkı oyunda əsl "Qarabağ"ı görəcəyikmi?

- Mütləq yaxşı oynamalıyıq. Heç bir komandaya qarşı oynamaq asan deyil. Hər bir komandanın öz oyun tərzi var. Biz sabah qalib gəlmək istəyiriksə, daha yaxşı oynamalıyıq.

 

- Start heyətdə Rəşad olacaq, yoxsa Jezniçak?

- Rəşad olacaq.

 

- Bu oyunun millimizin hazırlığına hər hansı bir təsiri olacaqmı?

- İnandırıcı deyil, çünki tam fərqli turnirdə, fərqli komandalar olacaq. "Qarabağ"ın oyunu ilə millinin oyunu bir-birinə mane olmamalıdı.

 

- Emeqara sanki meydanın mərkəzinə çox qayıdır. Topla çox oynayır. Bu sizin tapşırığınızdırmı?

- Elə bir oyunçu yoxdu ki, meydanda 90 dəqiqə mənim verdiyim tapşırığı yerinə yetirsin. Hər bir oyunçuda belə şeyləri görürük. Sabah daha çox hücumda olmalıyıq.

 

- Erkən qol üçün "Qarabağ" irəli atılacaqmı? Yoxsa zamanını gözləyəcək?

- Hər bir halda topu daha çox özümüzdə saxlamaq istəyirik. Top bizdə çox qalsa, qol imkanlarımız da artar. "Neftçi"ilə oyunu yada salmaq istəyirəm. Orda vurulan qol anında top bizdə deyildi. Əks-hücumda qolu vurduq. Oyunda əsas topa düzgün sahib olmaq lazımdı. Elə oyunlar olub topsuz qalmışıq. Rəqib daha yaxşı oynayıb.


Digər xəbərlər

Xəbər xətti