Qara Qarayev azarkeşlərə üsyan etdi: "Ancaq uğur qazananda dəstək olmaq lazım deyil"

02:16 31 Avqust 2018

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsinin "Şerif"lə cavab görüşündən sonra jurnalistlərə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Qarayev oyun motivasiyalı çıxmasının səbəbini açıqlayıb:

 

"Oyundan öncə bu matça xüsusi köklənişdim. Bunun da bir amili var idi. Bunu vurğulayacam, özü də çox sərt şəkildə...

 

Oyundan öncə oxudum ki, “Qarabağ”ın həlledici matçına 13-15 min bilet satılıb. Bu, məni çox motivasiya etdi. Çünki bizi dəstəkləyən və dəstəkləməyən azarkeşlər həmişə var. Uğur olanda da, olmayanda da yanımızda olublar. “Qarabağ” uğur qazananda da, qazanmayanda da bu komandanın yanında olmaq lazımdır. Çətin günlərimizdə də dəstəyə ehtiyacımız var. Vacib pley-off oyunu idi, əvvəllər oyunumuza bilet taplmırdı. Amma bu gün tribunalarda boş yerlər var idi.

 

Avropa Liqası qitənin nüfuzuna görə 2-ci turniri sayılır. Bu oyun bizim taleyimizi həll edirdi. Amma bu qədər azarkeşin bizdən imtina etməsi... Artıq onlar bizim azarkeşimiz deyil. Ancaq uğur qazananda dəstək olmaq lazım deyil".

 

Yarımmüdafiəçi qələbə barədə fikirlərini bildirib:

 

"Bu oyun son idi. İtiriləcək nəsə yox idi. Layiqli qalib gəldik. Hər mövsüm Avropada çıxışımız ölkə adına böyük uğurdur. Biz dəstəkləyən və dəstəkləməyən jurnalistlərə də təşəkkür edirik. Hiss edirdik ki, tək deyilik, dəstəyi hiss edirdik. Dəstək olmayanlar da bizə güc verdi. Topaz Premyer Liqasından fərqli olaraq, azarkeşlər dekabra kimi futbol bayramında olacaqlar".


Xəbər xətti