“Qarabağ”ın futbolçusu: "Avropa Liqasında oynamasaydıq, keçidim uğurlu sayılmazdı"

11:35 3 Sentyabr 2018

“Qarabağ”ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, 24 yaşlı futbolçu Ağdam klubuna keçidi və əvvəl formasını geyindiyi, Avropa Liqasının qrup mərhələsində “köhlən atlar”ın rəqibi olan “Sportinq”lə bağlı fikirlərini bildirib:

 

“Avropa Liqasında oynamasaydıq, “Qarabağ”a keçidim elə də uğurlu sayılmazdı. Amma mən risk etdim. Əsas məqsədim Avropada çıxış etmək və kim olduğunu göstərməkdir. “Sportinq”də hazırda xaos hökm sürür. Lissabonlu azarkeşlərə kim olduğumu göstərə bilmədim. Özümü yaxşı futbolçu sayıram. Hazırda müsbət keyfiyyətlərimi nümayiş etdirmək imkanım var. “Liteks”dən “Sportinq”ə keçdiyim üçün təəssüflənmirəm. Bu müddət ərzində çox şey öyrəndim. Bəlkə də Bolqarıstanda qalmaqla ən yaxşı futbolçu ola bilərdim. Amma hələ 24 yaşım var, bundan sonra çox şey etməliyəm”.

 

“Qarabağ” Avropa Liqasında İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq” və Ukraynanın “Vorskla” komandaları ilə birgə E qrupunda yer alıb.

 

Bolqarıstan millisinin üzvü olan Slavçev yay transfer pəncərəsi dövründə “Qarabağ”la 3 illik müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti