Danimarka futbolunda böyük qalmaqal - Məşqçilər və futbolçular millidən ayrıldı

16:00 4 Sentyabr 2018

Danimarka yığmasının futbolçuları ilə federasiya arasında qalmaqal yaşanır.

 

Sportarena.az xəbər verir ki, yığmanın futbolçuları onların imicindən istifadəyə görə federasiyadan pul tələb edirlər. Futbolçular bunun üçün onlarla müqavilə bağlanmasını istəyirlər. Əks təqdirdə, yığma üzvləri UEFA Millətlər Liqasında keçiriləcək oyunları boykot edəcəklərini bildiriblər. Yığmanın və “Tottenhem”in futbolçusu Kristian Eriksen məsələ ilə bağlı verdiyi açıqlamada belə deyib:

 

“Federasiya bizi yalnız pul davası edənlər kimi göstərmək istəyir. Ancaq belə deyil. Biz sadəcə, imicimizdən istifadəyə görə hər birimizlə ayrı-ayrılıqda müqavilə bağlanmasını istəyirik. Bu tələbimizdə qeyri-adi heç nə görmürəm”.

 

Bu məsələ ilə bağlı danışıqların nəticəsiz qalması, milli komandanın sabah Slovakiya ilə yoldaşlıq oyununu, sentyabrın 9-da isə Uelslə Millətlər Liqasındakı görüşünü təhlükə altına salıb. Yığmaya cəlb olunan futbolçular düşərgəni tərk etdiyi üçün federasiya aşağı yaş qruplarından futbolçu axtarışına başlayıb. Lakin həmin futbolçular da milli üzvlərinə dəstək verərək, göndərilən dəvətdən imtina edirlər. Millinin baş məşqçisi Aqe Hareyde və köməkçisi Yan Dal Tomassonun da özlərinin seçmədikləri heyətin başında olmaq istəmədiklərinə görə komandadan ayrıldıqları bildirilir.

 

Federasiya rəsmiləri tərəfindən verilən açıqlamada milli komandanın Slovakiya və Uelslə oyuna çıxmamasının ölkə üçün ağır nəticələrə gətirib çıxaracağı bildirilib.


Xəbər xətti