Vidadi Rzayev: "Bütün hədiyyələr xoş olsa da, bir hədiyyəni ən gözlənilməz adlandırardım"

23:50 4 Sentyabr 2018

Bu gün "Neftçi”nin veteran futbolçusu Vidadi Rzayev doğum gününü qeyd edir. 1967-ci ildə dünyaya gəlmiş sabiq yarımmüdafiəçi 1986-1991, 1995-1998, 2003-2005-ci illər ərzində "Neftçi”nin heyətində 252 oyun keçirib, 35 qol vurub. Vidadi Rzayev 1992-2001-ci illərdə Azərbaycan milli komandasının heyətində 35 oyun keçirib, 1 qol vurub. O, "Neftçi” ilə Azərbaycan çempionatının (1997, 2004, 2005) və ölkə kubokunun (1996, 2004) qalibi olub, Azərbaycanın ən yaxşı futbolçusu seçilib (1996).

 

Sportarena.az xəbər verir ki, Rzayev "Neftçi”nin saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

 

- Doğum gününüz mübarək, Vidadi müəllim!
- Çox sağ olun ki, unutmursuz! Belə diqqət həmişə xoşdur.

 

- Doğum gününüz sentyabrın əvvəlinə təsadüf edir. Ola bilməz ki, karyeranız boyu bir dəfə də olsun bu günə oyun düşməsin...
- Olub, təbii ki. Amma futbolçularda maraqlı bir inanc var. Doğum günü oyun gününə təsadüf edirsə, heç kim heç kimi təbrik eləmir. Bütün təbriklər oyundan sonraya qalır. Düşər-düşməzi olar...

 

- Bu günə qədər aldığınız ən gözlənilməz hədiyyə hansı olub?
- Bütün hədiyyələr xoş olsa da, bir hədiyyəni ən gözlənilməz adlandırardım. 2000-ci ildə Şəmkir İcra Hakimiyyətinin sabiq başçısı, mərhum Aslan Aslanov mənə elə hədiyyə edib ki, indiyə kimi istifadə eləyirəm.

 

- Sirr deyilsə, nə hədiyyədir?
- Sirdir (gülür). Deyə bilməyəcəm.

 

- Sizin haqqınızda çox maraqlı söhbətlər eşitmişik. Onlardan biri bizi 2004-cü ilə aparır. "Neftçi” Tbilisi "Dinamo”su ilə Gürcüstanda yoldaşlıq oyunu keçirirdi. Tribunada əyləşən yerli azarkeşlərdən biri...
- Bəli. O söhbətdən xəbərim var. Həmin azarkeş komandamızın nümayəndəsindən soruşmuşdu ki, sovet dövründə "Neftçi”də Vidadi Rzayev oynayırdı, bu onun oğludur? O da cavab vermişdi ki, xeyr, oğlu deyil, özüdür. İnana bilmirdilər ki, mən o yaşda oynayaram.

 

- 2005-ci ildə də "Birlik Kuboku”nun ən yaxşı oyunçusu seçildiz. 38 yaşınız vardı...
- Bəli, təltifetmə mərasimindən sonra komanda yoldaşım, hazırda "Neftçi”də çalışan Mahmud Qurbanov yaxınlaşıb dedi ki, bu mükafatı ona görə sənə verdilər ki, bir də bura gəlməyəsən. Təbii ki, zarafatca dedi, amma onun sözlərində müəyyən qədər həqiqət var idi. Çünki o vaxta qədər mən "Birlik Kuboku”nda bir neçə komandanın heyətində çıxış eləmişdim.

 

- Karyeranızı 40 yaşında bitirdiz. Sirr deyilsə, bu yaşa qədər normal futbol oynamaq üçün nə etmək lazımdır?
- Desəm ki, hər zaman rejim saxlamışam, yeməyimə xüsusi diqqət yetirmişəm, yalançı olaram. Heç komanda yoldaşlarım da mənə bunu etməyə imkan verməyəcəklər. Hətta hamamdan və masajdan da nadir hallarda istifadə edirdim. Amma gənclərə tövsiyə edərdim ki, peşəkar olsunlar. İndiki futbol onlardan məhz peşəkar olmağı tələb edir.

 

- "Neftçi” sizin üçün nə məna daşıyır?
- Mən Azərbaycanın bir neçə klubunda oynamışam. Bundan əlavə, Rusiya və Türkiyədə də top qovmuşam. Oynadığım hər bir klub mənim üçün əziz olub, amma "Neftçi”nin yeri başqadır. "Neftçi” canlı tariximizdir. Kimlər bu formanı geyinməyib ki?! Banişevski, Tuayev, Bruxti... Əfsanələr! Bu komandanın formasını geyinmək şərəfdir və bunu dərk etmək lazımdır.


Xəbər xətti