Kosovonun oyunçuları iddialı danışdı

20:15 5 Sentyabr 2018

Millimizin UEFA Millətlər Liqasındakı rəqibi Kosovo millisi komandamızla oyunun hazırlıqlarına start verib.

 

Sportarena.az xəbər verir ki, Oyundan öncə Kosovo milli komandasının bəzi oyunçuları  Kosovo Futbol Federasiyasının saytına açıqlama veriblər.

 

Millinin hücumameylli yarımmüdafiəçisi Edon Jeqrova səfərdə yaxşı nəticəyə ümid etdiklərini bildirib: 

 

“Məşq şəraiti yaxşı səviyyədədir. Əla komandamız var. İşlər böyük fədakarlıqla aparılır və mən yaxşı nəticələrə inanıram. Millətlər Liqasında keçirəcəyimiz hər iki oyuna tam hazıram. Bizdən gözlənilən hər şeyi edəcəyik. Çünki yalnız qrup liderləri pley-off-a vəsiqə qazana bilərlər”.

 

Digər yarımmüdafiəçi Milot Raşitsa da həm Azərbaycan, həm də Malta ilə matçlarda uğur qazanmaq istədiklərini söyləyib:

 

“Dünən və bu gün məşq etmişik. Hər iki oyunu xeyirimizə başa vurmaq üçün hazırlığımızı davam etdiririk. Psixoloji durumum yaxşıdır. Ötən həftə sonu qol vurmağım məni daha da motivasiya edir”.

 

Komandanın orta xətt oyunçusu Hekuran Kryueziu qarşıdakı oyunların əhəmiyyətini dərk etdiklərini deyib:

 

“Mümkün olduğu qədər yaxşı şəraitdə hazırlaşırıq. Komandada ab-hava əladır. Hamımız oyunların önəmini anlayırıq. Ona görə də əlimizdən gələn hər şeyi edəcəyik. İnanıram ki, yolumuza davam edə biləcəyik”.

 

Kosovo millisinin müdafiəçisi Amir Rrahmani də hər iki oyunda qələbə qazanacaqlarına inanır:

 

“Hazırlıq yaxşı gedir. Artıq 2 gündür məşq edirik. Azərbaycanla oyuna kimi daha 2 məşqimiz olacaq. Nə istədiyimizi bilirik.  Bütün diqqətimizi bu oyunlara yönəltmişik və hesab edirik ki, qələbə qazanacağıq. Qrupda ilk yeri tutan növbəti mərhələyə adlayacaq. Maksimum gücümü ortaya qoymağa hazıram”.

 

Qeyd edək ki, Azərbaycan – Kosovo oyunu sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.


Xəbər xətti