Qurban Qurbanov: "Meydana müsbət nəticə üçün çıxacağıq"

22:55 9 Sentyabr 2018

“Bilirik ki, çox vacib oyuna çıxacağıq. Həqiqətən bu matç olduqca önəmlidir. Rəqibin Farer adaları ilə oyununa baxdım. Oyunun gedişinə əsasən deyə bilərəm ki, heç də məğlub olmalı deyildilər. Ağır olacaq. Çünki bu matça istədiyimiz kimi hazırlaşmaq üçün elə də vaxtımız olmadı. Bir gün yolda olduq. Bu gün son məşqimiz olacaq. Buna baxmayaraq, futbolçuları rəqiblə tam tanış etmişik. İnanıram ki, sabah yaxşı oyun göstərməyi bacaracağıq. Komandam buna hazırdır”.
 

Sportarena.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının 2-ci turunun Malta ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
 

- Rəqibi analiz etdiyinizi bildirdiniz. 2 gün öncə qarşılaşdığınız Kosovo ilə Malta arasında nə kimi fərqlər var və bu komandanın heyətində hansı futbolçu sizi xüsusilə ehtiyatlandırır?

- Fərqli komandalardır. Hər yığmanın öz oyun üslubu və fərqli xüsusiyyətləri var. Malta da fərqli oyun stili ilə mübarizə aparır. Rəqib komandada heç vaxt ayrı-ayrılıqda hansısa futbolçunun adını çəkməmişəm. Bu yığma son vaxtlar daha çox kollektiv və sabit oyuna üstünlük verir. Amma təhlükə yarada biləcək sürətli hücumçuları var. Heç bir komanda burada asanlıqla bir-birinə qalib gələ bilmir. Ona görə də müqayisə aparmaq istəməzdim. Çətin olacaq, amma meydana müsbət nəticə üçün çıxacağıq.

 

- Müsbət nəticə deyərkən qələbəni nəzərdə tutursunuz?
 

- Əlbəttə, istəyimiz budur. Oyunçular meydanda qalib gəlmək üçün hər şeyi edəcəklər. Amma futbolda bəzən istəmədiyiniz nəticələr də olur. İşin pis tərəfini düşünmürük. Bütün fikrimiz, məqsədimiz futbolçuları matça yaxşı hazırlamaq və oyundan-oyuna komandanın səviyyəsini yüksəltməkdir. Düşündüklərimiz meydanda alınsa, yaxşı oyunla müsbət nəticə qazana biləcəyik.

 

- 3 il bundan öncə burada Malta ilə 2:2 oynamışdıq. Maraqlıdır, həmin oyuna baxdınız?

-Yox, ehtiyac olmadı. Əsas rəqibin keçirdiyi son oyunlar və son hazırlıq idi. Onları izlədik. Ona görə də həmin matça baxmağı lazım bilmədim.

 

- Kosovo ilə oyundan fərqli olaraq, sabahkı qarşılaşamada heyətdə dəyişiklik gözlənilirmi?

- Elə böyük olmasa da, müəyyən dəyişiklik gözlənilir.


Digər xəbərlər

Xəbər xətti