Mladen Milinkoviç: "Neftçi" qolu oyundankənar vəziyyətdən vurdu"

23:57 16 Sentyabr 2018

“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının IV turunda səfərdə “Neftçi”yə 0-2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, serbiyalı mütəxəssis öncə oyun barədə danışıb:

 

 

- Heç də pis oynamadıq. Təəssüf ki, son dəqiqələrdə üstünlüyü əldən verdik. İlk hissədə o qədər də yaxşı qol epizodlarımız olmadı, bərabər oyun getdi. Ancaq ikinci hissədə yaxşı oynadıq, bəzi epizodlarda bəxtimiz gətirmədi. Komanda taktiki cəhətdən çox yaxşı oynadıq. Rəqibin hücum xətti çox güclüdür, onların qarşısını ala bildik. Ancaq futbolda xalı qol gətirir. “Neftçi” əlinə düşən şanslardan maksimum yararlandı və qələbə qazandı. Klennon qol şanslarından yararlansaydı, hər şey fərqli ola bilərdi. İlk üç oyunumuza baxsaq, bu gün çox yaxşı oynadıq. Təəssüf ki, lazım olan nəticəni əldə edə bilmədik.

 

- Andre Klennon xeyli sayda qol imkanın yararlana bilmədi və onu son dəqiqələrdə əvəzlədiniz. Daha erkən əvəzetməyə əl atmaq düzgün olmazdımı?

- Klennon qol vurmasa da, yaxşı oynadı. Qalib gəlməyimizə çox kömək edə bilərdi. Ancaq əfsuslar olsun ki, yararlana bilmədi.

 

- İkinci qol zamanı Kamran Ağayev irəli çıxdı, siz onun qapıya qayıtmasını istədiniz. Lakin qolkiper sizin sözünüzə qulaq asmadı.

- Oyunun başa çatmasına bir dəqiqə qalmışdı. Cərimə zərbəsi zamanı qol da vura bilərdik, ancaq rəqib qapıçı imkan vermədi. Həmin anda hansı hesabla məğlub olmağın mənası yoxdur. Hakimlər barədə danışmaq istəmirəm, amma rəqib ikinci qolu oyundankənar vəziyyətdən vurdu.

 

- Bahodir Nasimov meydana daxil olandan sonra heç nə ilə yadda qalmadı. Onun əvəzinə meydana Amil Yunanıovu daxil etmək düzgün olmazdımı?

- Başa düşürəm ki, Amil cəld oyunçudur. Biz hesaba uyğun olaraq Nasimovu meydana buraxdıq. 

 

- Sonuncu yerdəsiniz. Çatışmayan cəhətləri aradan qaldırmaq üçün nə düşünürsünüz?

- Məğlubiyyətlər psixoloji cəhətdən komandaya təsir edir. Ancaq bu, futboldur. Bəzən belə şeylər məşqçiyə təsir edir, özünü günahkar sayır. Albaniyada işləyəndə 6 oyuna 3 xal toplamışdıq, sonra vəziyyəti düzəltdik. İnanıram ki, işləyəcəyik və hər şeyi qaydasına qoyacağıq. 


Digər xəbərlər

Xəbər xətti