Azərbaycan boksçuları Olimpiadaya hazırlığın son mərhələsində

15:51 21 Sentyabr 2018

Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisi Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, komandamız Olimpiadaya sonuncu təlim-məşq toplanışını Boks Mərkəzində keçir.

 

Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında Oyunlarda iştirak edəcək Nurlan Səfərovla (60 kq) Nicat Həsənov (69 kq) əsas komanda ilə hazırlaşır. Məşqlər oktyabrın 4-dək davam edəcək. Millimizin baş məşqçisi bildirib ki, təlim-məşq toplanışı yüksək səviyyədə keçir: “Hazırlığa artıq 3 gündür başlamışıq. Gündə iki dəfə məşq edirik. Səhər çalışmalarında fiziki hazırlığa, axşam məşqlərində sınaq döyüşlərinə üstünlük veririk. Olimpiyaçılarımızın kişilərdən ibarət əsas komanda ilə birgə hazırlığı onların təcrübəsinin daha da artırılmasına hesablanıb. İnanırıq ki, Oyunlara kimi hər 2 boksçumuz ən yüksək formasını yığacaq”.

 

V. Şirinovun sözlərinə görə, Argentinaya bir qədər tez yollanacaq yığmamız Buenos Ayresdə Rusiya, Qazaxıstan və Ukrayna milliləri ilə hazırlıq keçib, sınaq döyüşlərində də gücünü yoxlayacaq.

 

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları oktyabrın 6-18-də Buenos Ayresdə olacaq.

 


Digər xəbərlər

Xəbər xətti