İlin ən yaxşıları açıqlandı

00:18 25 Sentyabr 2018

İngiltərənin paytaxtı Londonda FIFA-nın "The Best" mükafatının qalibləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, tədbirdə əvvəlcə 2018-ci ilin ən yaxşı qolunun müəllifi müəyyənləşib. Bu, İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salahdır. Misirli yarımmüdafiəçi "Everton"la matçda vurduğu qola görə mükafatlandırılıb.

 

Daha sonra ən yaxşı baş məşqçinin adı məlum olub. Bu, Fransa milli komandasına rəhbərlik edən Didye Deşamdır. Deşamın rəhbərliyi altında yığma dünya çempionu olub. O, İspaniya "Real Madrid"inə Çempionlar Liqasını qazandırmış Zinəddin Zidanı və Xorvatiya yığmasını dünya çempionatında finala çıxarmış Zlatko Daliçi üstələyib.

 

Növbəti nominasiya "ən yaxşı qapıçı" olub. Bu nominasiyada Belçika yığmasının və hazırda İspaniya "Real Madrid"inin qapısını qoruyan Tibo Kurtua qalib sayılıb. O, Fransa millisinin və İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyoris, eləcə də "Lester"in və Danimarka yığmasının qolkiperi Kasper Şmeyxeli üstələyib.

 

Qadınlardan ibarət komandalar arasında ən yaxşı baş məşqçi nominasiyasında Reynal Pedros fərqləndirilib. O, Fransa "Lion"una Çempionlar Liqasını qazandırıb. Pedros Yaponiya millisindəki həmkarı Asako Takakura və Almaniya yığmasına rəhbərlik edən Sarina Viqmandan üstün olub.

 

Ən yaxşı fanat nominasiyasında Peru azarkeşləri birinci yeri tutub.

 

"Fair Play" mükafatına Türkiyənin "Erzurumspor BB" klubunun almaniyalı hücumçusu Lennart Tay layiq görülüb.

 

Rəmzi yığmanın tərkibi isə belə olub: David De Xea, Dani Alveş, Marselo, Serxio Ramos, Rafael Varan, Eden Azar, NQolo Kante, Luka Modriç, Kriştianu Ronaldu, Kilian Mbappe, Lionel Messi. Ronaldu və Messi mükafatlandırma mərasimində iştirak etməyib.

 

Ən yaxşı qadın futbolçu adına 6-cı dəfə braziliyalı Marta layiq görülüb. Hazırda ABŞ-ın "Orlando Prayd" klubunda çıxış edən 32 yaşlı hücumçu Ada Hegersberq ("Lion" Fransa, Norveç) və Cenifer Marojanı ("Lion" Fransa, Almaniya) üstələyib.


Xəbər xətti