Nazim Süleymanov: "Komanda hardasa uduzmalı idi"

21:49 5 Oktyabr 2018

"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov Topaz Premyer Liqasının VII turunda "Səbail"ə səfərdə 0:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra mətbuat konfransı keçirib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda danışıb. 

 

- Hər kəs komanda haqda yaxşı fikir söyləyirdi. Qorxduğumuz elə bu anlar idi. Futbolçularımıza da oyundan əvvəl diqqətli olmağı tapşırmışdıq. Rəqibi təbrik etmək lazımdı. Qələbə həmişə yaxşıdı, məğlubiyyət isə həmişə pis. "Səbail" hələ penaltini də vura bilmədi. Əsas oyun yox, 3 xaldı. Komanda hardasa uduzmalı idi. Təəssüflər olsun ki, belə nəticə oldu. Ancaq futbolda belə şeylər olur.

 

- Bəzi futbolçularınızda eyforiya hiss olunurdu və bunu aradan qaldıra bilmədiniz..

- Eyforiya deməzdim. Futbolçularımız yaxşı fikri oyunlarıyla formalaşdırırlar. İlk 6 oyunda nəticə pis deyildi. Qələbə olan yerdə məğlubiyyət də var. Deməli, daha yaxşı işləməliyik. Bu gün hesabda geri olsaq da, qol epizodlarımız oldu.

 

- Sizə elə gəlmir ki, erkən qollar və külək amili nəticəyə təsir göstərdi?

- Bəhanə etmək düzgün deyil. Futbolçu hiss eləmədi ki, külək olarsa, top hara gedir. Belə çıxır ki, futbolçularla hava şəraitinə uyğun məşqlər edək? Futbolçunun korordinasiyası bəs nədi? Səhv etdik, bizə qollar vurdular.

 

- Atilla Yıldırıma etimad limitiniz nə qədər olacaq? O, "qol orucu"nu nə vaxt pozacaq?

- Futbolda belə hallar olur. Qol vura bilmirsə, daha çox işləməlidi. 

 

- Məncə, Atillada qol duyumu yoxdu...

- Onun disklərdə oyununu görmüşük. Yəqin ki, gələcək matçlarda vurar.  (Sport24.az)


Digər xəbərlər

Xəbər xətti