Ələddin Əliyev Moskvada dünya çempionu oldu - VİDEO

17:01 8 Oktyabr 2018

Rusiyanın paytaxtı Moskva şəhərində ustalar arasında Poverlifting üzrə növbəti dünya çempionatı keçirilib.

 

Sportarena.az xəbər verir ki, oktyabrın 4-8 aralığında keçirilən yarışda Azərbaycan da uğurla təmsil olunub.

 

Ölkəmizi ustaların yarışında təmsil edən Ələddin Əliyev (110 kq) ən yüksək nəticəyə imza ataraq, dünya çempionu olub. Təcrübəli idmançı ümumi nəticədə 240 kq-nın öhdəsindən gələrək, bütün rəqiblərini üstələyib və Azərbaycan üçün dünya çempionatının qızıl medalını təmin edib.

 

Bu, Ələddin Əliyevin beynəlxalq yarışlarda ilk ciddi nailiyyəti deyil. Uuzun müddətdir ki, bu idman növü ilə məşğul olan Əliyev Azərbaycanın ən titullu Powerlifting ustalarından biridir. Gənclər arasında dəfələrlə Avropa və dünya çempionatlarının müxtəlif əyarlı medallarını qazanmış Əliyev karyerası ərzində ikinci dəfə dünya çempionu olmağın sevincini yaşayıb.

Əliyev analoji nailiyyətə ilk dəfə 20 il bundan öncə imza atıb. İkinci dəfə dünyanın ən güclüsü olması ilə bağlı fikirlərini bölüşən Əliyev azərbaycanlı yeniyetmələrə də öz tövsiyələrini verib: "İdmana müəyyən fasilə vermişdim. Daha sonra yenidən məşqlərimi bərpa etdim. 2 ildir ki, davam edən məşqlərin yekununda 2-ci dəfə dünya çempionu oldum. Bu gün həqiqətən də çox sevincliyəm”.
 
Əliyev Powerlifting federasiyasının gördüyü işlər və əsas məqsədləri barədə də söz açıb: "Bizim Federasiyamız 1996-cı ildə yaranıb. Mən ilk dəfə İtaliyanın Peskara şəhərində Avropa çempionu olduqdan sonra mütəmadi olaraq yarışlarda komanda şəkilində iştirak etmişik. Sözsüz ki, əsas məqsəd ölkəmizin beynəlxalq yarışlarda təmsil olunmasıdır. Arzu edirəm ki, bütün yeniyetmələrimiz idmanla məşğul olsunlar və Azərbaycanın bayrağını dalğalandırsınlar”.

 


Xəbər xətti