Olsen: “Sabah daha yaxşı futbol oynayıb 3 xalı götürəcəyik”

15:43 10 Oktyabr 2018

Bu gün Torshavnın “Torsvolur” stadionunun konfrans zalında Farer adaları yığmasının baş məşqçisi Lars Olsenin mətbuat konfransı keçirilib.

 

Sportarena.az xəbər verir ki, danimarkalı mütəxəssis sabah Azərbaycanla baş tutacaq Millətlər Liqasının III turu görüşünə həsr olunan konfransa Rene Şaki Yonsenlə (RŞY) birgə gəlib.

 

-    Bazar ertəsindən məşqlərə başlamışıq. Üç məşq keçmişik və komandam hazırdı. Rəqibin Kosovo və Malta ilə oyunlarını izləmişəm. Azərbaycan texnikalı futbola üstünlük verir və bilirəm ki, bizə sabah çətinliklər yaşadacaqlar. Son görüşdə səfərdə Kosovoya 0:2 məğlub olduq. İnanıram ki, sabah daha yaxşı futbol oynayıb 3 xalı götürəcəyik.

 

-    Azərbaycan yığması Farerədək 14 saat yol qət edib. Bu, oyunun nəticəsinə nə dərəcədə təsir edə bilər?
-    Əlbəttə, bu, problemdi. Biz də cavab qarşılaşması üçün eyni problemlə üzləşəcəyik. Azərbaycan yığmasının futbolçuları həftəsonu çempionat oyunlarına çıxıblar, bu baxımdan yığmanıza çətin olacaq.

 

-    Rene, sabah sizi 1 xal qane edəcəkmi? Ümumiyyətlə, “1-ci skripka” olmağa çalışacaqsınızmı?
-    (RŞY) Evdə oynayırıq. Bizi yalnız 3 xal qane edir. Axı, evdə oynayacağıq.

 

-    Danimarka yığmasının heyətində bir dəfə kuryoz şəkildə Avropa çempionluğu yaşamısınız. Bəs, bu dəfə Farerin baş məşqçisi kimi sensasiyaya imza ata bilərsinizmi?
-    Bəli, 26 il öncə Avropa çempionu olmağı bacarmışdıq. İndiki halda konkret bir söz deyə bilmərəm. Qarşıda xeyli oyunlarımız var.  Futbol çox dəyişib. Biz yaxşı futbol sərgiləməyə çalışacağıq. Hətta qrupda qalib olsaq da, növbəti mərhələlər daha çətin olacaq.

 

-    Sabahkı matçda məğlubiyyəti göz önünə almısınız?
-    Xeyr, məşqçi heç vaxt məğlubiyyət barədə düşünməməlidi. Realistəm və bilirəm ki, rəqib çox güclüdü. Ancaq futbolda hər şey olur, necə ki, 1992-də Danimarka ilə Avropa çempionu olmuşduq.

 

-    “Qarabağ” həmyerliləriniz “Kopenhagen”lə avrokuboklarda qarşılaşıb. Xəbəriniz varmı ki, sabahkı matçda rəqibinizin baş məşqçisi məhz həmin klubun çalışdırıcısı olacaq?
-    Bilirəm. Omu da qeyd edim ki, yığmanızın onurğa sütununu “Qarabağ”ın futbolçuları təşkil edir.

 

-    Oyunlar arasında 3 günlük fasilənin sizə problem yaratdığından şikayətlənmisiniz. Sabahkı qarşılaşmada evdə oynayacaqsınız. Bu baxımdan Azərbaycanla görüşdə daha güclü Farer yığmasını görəcəyik? Ümumiyyətlə, sabahkı matçı daha önəmli sayırsınız?
-    Biz hər oyuna ciddi hazırlaşırıq. Hər bir qarşılaşmaya da maksimum önəm veririk. İndiki vəziyyətdə əsas düşüncəm Azərbaycanla görüşdü. Ümumilikdə isə bizə 3 gündən bir oynamaq çətindi.

 

-    Rene, sabah “Arsenal”la başabaş mübarizə aparmış futbolçulara qarşı oynayacaqsınız. Bu, sənə və komanda yoldaşlarına təzyiq göstərmir?
-    (RŞY) Hər zaman güclü futbolçularla oynamaq maraqlı olub. Qalib gəlsək, bu, bizə ikiqat xoş olacaq. (sport24.az)


Digər xəbərlər

Xəbər xətti