“Ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq”

15:03 11 Oktyabr 2018

Argentinanın paytaxtı Buenos-Ayresdə oktyabr ayının 6-da startı verilən Yeniyetmələrin 3-cü Olimpiya Oyunları davam edir. 

 

Sportarena.az xəbər verir ki, artıq digər idman növlərində Azərbaycan təmsilçiləri qüvvələrini sınamaq imkanı əldə ediblər. Bu gündən etibarən isə ağır atletlərimiz mübarizəyə qoşulacaqlar. Oktyabrın 11-də qızların yarışında 58 kq çəki dərəcəsində Lalə Rzazadə, oktyabrın 12-də isə oğlanlarda 85 kq çəki dərəcəsində Tarmenxan Babayev körpücük üzərinə çıxacaq.

 

Bu vacib çıxışlardan öncə ağır atletika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Asif Məmmədovun fikirləri öyrənmək qərarına gəldik. Mütəxəssis əvvəlcə hazırlıqlar barədə məlumat verdi: “Bu gündən yarışa qoşuluruq. Argentinaya gələnə qədər Azərbaycanda yaxşı təlim-məşq toplanışı keçmiş, lazımi səviyyədə hazırlaşmaq imkanı əldə etmişdik. Burada eyni şəraitə malikik. Heç bir çətinliymiz yoxdur, məşqlərimiz plan üzrə gedir, şükürlər olsun, zədə almamışıq. İdmançılarımızın mənəvi durumu da yaxşıdır, düşərgəmizdə yüksək əhval-ruhiyyə hökm sürür. Rəhbərlik də yanımızdadır, daima maraqlanır, tam dəstək nümayiş etdirirlər. Onlara buna görə təşəkkür edirəm”.

 

Baş məşqçi bilavasitə yarış haqda da danışdı: “Bu, Olimpiadadır və burada rəqiblər heç vaxt asan olmur. Sona qədər mübarizə aparmaq, qalib gəlmək üçün var gücünü ortaya qoymaq lazımdır. Qızımız Lalə Rzazadədən əvvəlki yarışlarda göstərdiyini nəticələri yaxşılaşdırmağını gözləyirəm. İnanıram ki, bunu edə biləcək. Tarmenxan Babayevin qarşısında isə ölkəmiz üçün medal qazanmaq hədəfi var. Onun potensialı bunu etməyə imkan verir. Əyarından asılı olmayaraq istənilən medal bizim üçün yaxşı nəticə olacaq. Düzdür, indidən fikir bildirmək çətindir və hər şey məhz yarış bitəndən sonra bilinəcək. Amma biz inanırıq. Ölkəmizi layiqincə təmsil etməyi düşünürük, bunun üçün çox çalışmışıq, hələ də çalışmaqda davam edirik. İnşallah, əməyimizin əvəzini körpücük üzərində görərik”.


Digər xəbərlər

Xəbər xətti