Azərbaycan futbolunun bozarmış boz "qala" cəlladlarından yaxa qurtarılması üçün... - YAZI

13:19 14 Oktyabr 2018

Rəqibin kimliyindən asılı olmayaraq qələbə hər zaman qələbədi.

Psixoloji gərginlikdə qazanılan böyükhesablı qələbə isə daha önəmlidir.

Bununla futbolumuz düzəldimi, düzələcəkmi?!

Görüşlə bağlı oyunu geniş təhlil də etmək olar. Azərbaycan futbolunun dərdinin Farer adaları üzərində qələbə olmadığı üçün bir cümlə yetər... Bəzi futbolçuların fərdi səhvlərini çıxmaq şərtilə komanda matça psixoloji, fiziki, taktiki olaraq yaxşı hazırlanmışdı. İndiki məqamda əsas üç xalın qazanılması idi...

Qələbənin mahiyyəti daha geniş, daha böyükdür. Qurban Qurbanovla yanaşı Azərbaycan futbolunu istəyən, inanan yerli mütəxəssislərin, jurnalistlərin, azarkeşlərin strateji qələbəsidir.

Görüş soyuq, dumanlı, yağışlı adalarda tək turnir cədvəli baxımdan önəm daşımırdı. Futbolda cərəyan edən soyuq müharibədən soyuq başla çıxılmalı idi. Baş məşqçi böyüdüyü Zaqatalada bənzər hava şəraitini çox görüb. Futbol havası nə qədər qızışdırılsa da, uzaq adalarda odlar yurdu Azərbaycanın istisi, günəşi 90 dəqiqədə üç dəfə qatı buludlar arasından parladı. İsti futbol havamızı istəməyənlər çox olsa da belə...

Zaqataladan Bakıya ən qısa yol Şəkidən, Qəbələdən, Şamaxıdan keçir. Yol boyu füsunkar təbiət göz oxşayır. Təbiətin gözəlliyi fonunda ətrafda bulaqları qurumuş, şoranlıq torpağa bənzəyən barsız futbolumuz görünür. Tək Qəbələdə futbol meydanları ümid verir. Onlar da digər bölgələrimiz kimi futbol RLS-lərinin təsirindən, şualarından yandırılıb külə döndərilməsə...

Şəkidə tarixi deyim var: "Gələrsən - görərsən"!

Yolboyu dağlardan aşağı endikcə, aşırımları keçdikcə, Bakıya yaxınlaşdıqca futbolun "gələrsən - görərsən"ini Abşeronda görürsən. Futbolun "boz qalası" paytaxta sığınıb. Daha doğrusu sürüklənib, sığdırılıb...

Azərbaycan futbolunda uğur qazananlar üçün keçilməz "qala"ya salınmış futbol aşırımlarını keçmək gərəkdir. "Qala"dakıların boz kardinallarına, vəzirlərinə futbol maraqlı deyil, yeyib-içib feyziyab olmaqdan ötrü Avropadan dəvət olunan müsyo jordanlar sərfəlidir. Bəzi yerlilər onlara ancaq qulluqlarında durub quyruq bulamaq və onları əcnəbilərə fərsizlər yığınağı kimi göstərib deyib-gülmək üçün lazımdır. 

Azərbaycan futbolunda sözünü meydanda deyə bilənlər istənilən yolla məhv edilməlidir. Yerli futbol sərkərdələri, yetişən, yetişmiş cəngavərləri olmamalıdır.

Dünənki qələbə 50 minlik əhalisi olan adalar üzərində deyildi. Hər vurulan qol xalqımızı, futbolumuzu aşağılamaq istəyən, əcnəbi sevgisindən alışıb yanan boz "qala"da "sapı özümüzdən olan baltalar"ın qol-budağını kəsirdi, qırırdı... 

Azərbaycan futbolu Bakıya "sığınıb". Milli evsiz-eşiksiz kasıblar kimi Mərdəkandan, Suraxanıdan Bayıla qədər uzanan yollarda qalıb. Hava limanından şəhərə gələrkən Farer adalarının əhalisini tribunalarına yığa biləcək nəhəng stadiona bir ildir həsrətlə baxır. "Kvartirant"lıq düzəlsə də belə BOS-n öz bossları var. Yaşıl meydanda bacarmasalar da, ətrafda hər addım "podkat"lar işə düşür...

Milli xalqındır, hər birimizindir. Acınacaqlı, bərbad durumda, 10 milyonun 8 komandalı "Bakı birinciliyi"ndən formalaşan millinin qələbəsi bir daha Azərbaycan futbolunun potensialının olmasını göstərir. 

Futbol əsl Azərbaycan qalasına çevrilsə bütün Avropaya "gələrsən-görərsən" deyə bilərik. Bunun üçün Balakəndən, Naxçıvandan, Lənkərandan, Qusardan Bakıya öz bacarıqlı sərkərdələrimiz, cəngavərlərimizlə birgə günəşli futbol işığı saçmalıdır.

Tanrı istədiyi bəndələri sınaqlardan keçirib mükafatlandırır. Yad adada da top qapımızdan keçmirdi, əksinə, hər hücumumuz qolla nəticələnirdi. Yaradan da bu qələbəni istəyirdi, doğru futbol yolunun başlanğıc istiqamətini göstərirdi. Azərbaycan futbolunun bozarmış boz "qala" cəlladlarından yaxa qurtarılması üçün...

Qalır əməli addımların atılması, günəşli, əsl futbol sabahlarının təməlinin qoyulması...

Tahir Süleymanov


Digər xəbərlər

Xəbər xətti