Samir Abasov: “Hər futbolçunu bura gətirmək olmur”

22:38 21 Oktyabr 2018

“Zirə”nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportarena.az xəbər verir ki, 40 yaşlı mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolda yaxşı oyunun nəticəsi qələbə olmalıdı ki, daha rahat olasan. Əfsuslar olsun ki, ilk hissədə standart vəziyyətdən qol buraxdıq. Amma kifayət qədər qol vəziyyəti yaratdıq. Əl-qolumuzu aşağı salmayacağıq. Oyun ürəkaçan idi və bunun üzərinə qoyaraq davam edəcəyik. Nələrəsə nail olmaq istəyirik.

 

- Məğlubiyyətin səbəbini nədə görürsünüz?
- Oyuna itkilərlə çıxmışdıq. Buna baxmayaraq, yeni futbolçulardan da razı qaldım. Bir qol çox şeyi dəyişə bilərdi. Rəqibin də ilk hissədə bir neçə qol vəziyyəti oldu. Bəlkə də Budaq Nəsirovun yeni mövqedə oynaması buna səbəb olurdu. Yolumuz uzundu. Mayda bizi nələrin gözlədiyini indidən deyə bilmərəm. Amma qışda güclənərək, oyunumuzu yaxşılaşdımalı və nəticələr qazanmalıyıq.

 

- İlk dövrəni qələbə ilə başa vurmuşdunuz. Fasilə sizə yaramadı, yoxsa rəqib uyğun deyildi?
- Rəqibi özümüz seçə bilmərik. "Keşlə" ilə eyni gücdə idik. Deməzdim ki, fasilə bizə yaramadı. Çox zədəlimiz. U-21 yığmasındakı oyunçularımız komandaya gec qatıldılar. Amma meydana çıxan futbolçular işlərinin öhdəsindən gələ bildilər. 

 

- İki epizodda rəqibin yerdə qalmasına sərt şəkildə reaksiya göstərdiniz...
- Hərə bir cür qalib olmaq istəyir. Kiminsə bəxti texniki məğlubiyyətlərdə gətirir. "Keşlə” də qələbə qazanmaq istəyirdi. Onların bu qələbəsini kiçiltmək olmaz. Təbrik edirəm.

 

- Hiss olunurdu ki, komandanıza vuran ayaq yox idi. Yanvarda hücumçu alınacaqmı?
- Bunu planlaşdırırıq. İndi heç nəyi dəyişə bilmərik. Bura Azərbaycandı, yüksək səviyyəli oyunçu gətirmək olmur. Hər futbolçu bura gəlmir. Gəlib hər matçda 2 qol vuracaq oyunçu yoxdur. Əsas odur ki, bu gün çoxlu qol vəziyyətləri yaratdıq. Əvvəlki görüşlərdə heç bunu edə bilmirdik.

 

- Qələbə üçün nə çatmadı?
- 4-5 top çatmadı ki, 4:1, 5:1 hesabı ilə qalib gələk. (sport24.az)


Digər xəbərlər

Xəbər xətti