Bir ayağımız Ağdam, Tovuz, Cəbrayıl, Füzuli, Qazaxda, bir ayağımız Avropada - YAZI

14:21 22 Oktyabr 2018

27 il sonra 27 yaşlı fotodan müstəqilliyimizə 27 illik baxış...

 

Müstəqil Azərbaycanda dünyaya göz açmış gənclərlə müstəqilliyi qazanmış insanların baxışları, həyat tərzləri, davranışları, müstəqilliyin özünə münasibəti tam fərqlidir. Təbiidir, indiki gənclər o günləri görməyiblər, ruhları ilə hiss etməyiblər, qapalı məkanda dünyaya gəlib müstəqilliyin qazanılması mübarizəsini, sevincini yaşamayıblar. Gipermarket, supermarket bir yana, heç mini marketlər də yox idi. Boş mağazalar, üstündə "Xleb" yazılmış dükanların qarşısında səhərə kimi "zavod" çörəyi növbəsi, 7-dən 77-yə qədər milyonlarla soydaşımızın "Azadlıq" meydanında müstəqillik tələbləri, sovet rejimi, ordusu qarşısına əliyalın, silahsız çıxmaları...Xalqın birlik ruhu atom bombasından da güclüdür. 

 

İndi çörəklər zibilliyə "optovoy" atılır, marketlərdə çeşid-çeşid məhsullara ağız büzülür, "zavod" çörəyinin üzünə baxan da yoxdur. Daha doğrusu baxırlar, əsasən müstəqilliyi qazanmışların övladları həsrət qalıblar bir parça "zavod" çörəyinə... "Azadlıq" meydanında ruhən bir olan, tanklar altına atılan xalqımız indi sosial şəbəkələrdə bir-birilərini qırırlar, müstəqil azadlıq çoxdan yaddan çıxıb... Könüllülər səngərlərdə düşmənlə üz-üzə qəhrəmanlıq göstərirdilər. Torpaq uğrunda, xalq uğrunda. İndi isə könüllülərimiz beynəlxalq tədbirlərdə könüllü olaraq könüllülük edirlər. 

 

Müstəqilliyin qazanılması, o günləri yaşayanlar üçün "zavod" çörəyi də şirin idi, yağışı da, soyuğu da istilik verirdi xalqa. Gecənin qaranlığı müstəqil səhərlərə günəş kimi saçırdı...Tələsirdik, azadlığımızı qazanmağa tələsirdik. Üçrəngli müqəddəs bayrağımızı Avropa, dünya meydanlarında dalğalandırmağın qürurunu yaşamaq istəyirdik. İndi heç kim tələsmir, torpaqsız "rahat həyat" şirin gəlir... Yunanıstan, Danimarka, Çexiya... Doğma, müstəqil Azərbaycanımızı təmsil etdiyim ilk ölkələr. Stadionlarda bayrağımızın dalğalanmasını görmək, müstəqil ölkəmizi qürurla təmsil etməyin xoşbəxtliyini yaşayırdıq.

 

Bir ayağımız Ağdam, Tovuz, Cəbrayıl, Füzuli, Qazaxda, bir ayağımız Avropada idi. Bir tərəfdə stadionlara düşən "qrad"lar, oyunlar zamanı "Kobra"ların səmada döyüşlərə uçduğu, tribunalarda on minlərlə xalqımız, digər tərəfdə müstəqil Azərbaycanımızın müstəqil təmsilçiləri. Heç kim heç nədən çəkinmirdi, qorxmurdu, on minlərlə dolu stadionlarımıza hər an düşmən mərmiləri düşə bilərdi. Müharibə, top atəşi altında Azərbaycan çempionatında 26 komanda çıxış edirdi...

 

İndi Biləcəridən o tərəfə keçmək istəmirlər, 8 komandalı "Bakı birinciliyi" keçirilir. Hər iki ayaqları Avropadadır. Cəbhə bölgələri bir tərəfə, Gəncə, Lənkəran, Mnigəçevir, Zaqatala, Qusarın 4-5 ulduzlu otelləri də bunlara xoş gəlmir. Onlar heç vaxt müstəqil ruhlu xalqla bir olmayıblar. Olmayacaqlar da... 27 ildə siyasi çəkişmələr, vəzifə davaları xalqı parçaladı, ümidləri qırdı. 27 ildir torpaqlar qaytarılır. Torpaq isə döyüşsüz qayıtmaz. Aprel döyüşləri bunu bir daha göstərdi. Heç yaşıl meydanda mübarizəsiz qələbə olmur. 

 

Ekranlardan illərdi milli, qələbə ruhu aşılanmır, mənəviyyatsızlıq toxumu səpilir, məğlubiyyət ruhu təbliğ edilir. 10-15 ilə milyardlarla xərc çəkilmiş futbolda da belədir. Müstəqil olmaq gözəl, əvəzolunmaz hissdir. Heç bir pulla, var-dövətlə ölçülə bilməz. Müstəqillik ilk öncə hər bir insanın ruhunda olmalıdır. "Bir parça çörək" dərdi müstəqilliyə qurban verilməməlidir. Necə ki, 27 il öncə "zavod çörəyi"nə qurban verilmədi, qurbanlar, şəhidlər verildi. 

 

Xalqımız böyük xalqdır. Qan dəyişilmir. Necə ki, bu gün də yüz minlərlə soydaşımız, gənclərimiz döyüşə hazırdırlar. Qələbələrimiz mütləq gələcək, müstəqil Azərbaycanın müqəddəs üçrəngli bayrağı Xankəndində dalğalanacaq. Bugünkü mənəviyyatsızların Qarabağda, Murovdağda əllərində bel səngər qazıb/qazdırılıb yenidən ekranlarda canlı yayımlara çıxmaları arzusu ilə...Silah tutmaq onlarlıq deyil!

 

Müstəqil Azərbaycan, müstəqil ruhlu xalqımız, bayramınız mübarək olsun!

 

Tahir SÜLEYMANOV


Digər xəbərlər

Xəbər xətti