Qurban Qurbanov: “Oyunçularımın yanındayam”

23:25 25 Oktyabr 2018

“Çox üzgünük. Qalib gəlmək istəsək də, alınmadı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində öz meydanında “Vorskla”nı qəbul edib. Görüş Ukrayna klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib:

 

- Rəqib müdafiədə etibarlı oynayırdı. Qol imkanlarımız olsa da, yararlana bilmədik. Düşündüyümüz hücumları düzgün qurmağa çalışmalı idi. Oyunun gedişində gördük ki, bəzi hücumlarımız alındı. Sadəcə, qol imkanlarımızdan yararlana bilmədik. Futbolçularımın üzərinə getmək lazım deyil. Çünki çox sıx qrafikdə oynayırıq. Çətin olsa da, bu oyunu unutmalıyıq.

 

- Komanda hücumlar qurur, amma son nöqtəni qoya bilmir. Bunun səbəbi nədir?

- Fərqli fikirlər söyləmək olar. Futbolçularda gərginlik, yorğunluq var. Hər bir halda, bəlkə də futbolçularda ustalıq səviyyəsi çatmır. Dünən “Atletiko”nun oyununa baxırdım. Onlar da kifayət qədər qol imkanlarından yararlana bilmədilər və böyük hesabla məğlub oldular. Futbolçulara bildirdim ki, daha istəkli olmalıyıq. Belə nəticələrə hazır olmalıyıq. Futbolçularımız daha çalışmalı, istəkli olmalıdırlar. 

 

- Buraxılan qolda qapıçının səhvi var idi, yoxsa müdafiəçilərin?

- Qapıçının səhvi var idi. Belə topları qapıçı tutmalıdır. Müdafiədə ciddi səhvlər etmədik. Düzdü, 2-3 epizodda səhvlərimiz oldu, lakin ciddi təhlükə yaranmadı. Müdafiəçilərdən daha çox, qapıçı diqqətli olmalıdır. Ancaq belə səhvləri ilk dəfədir görməmişik. 

 

- “Qarabağ” avrokuboklarda ən bərbad mövsümünü keçirir və sanki komandanın sütunu yoxdur.  Bundan başqa, Qara Qarayevlə Maksim Medvedev əvvəlki formalarından xeyli uzaqdırlar. Bu barədə nə deyə bilərsiniz?

- Mən nə qədər futbolçuları müdafiə etsəm də, nəticəyə görə xoş sözlər deyə bilmərik. Futbolçular, xüsusən də millinin oyunçuları çox yorulurlar. Bir turnirdən digərinə keçmək asan deyil. Ancaq Qara və Maksimdan narazı deyiləm. Desəm ki, az işləyirik, bu, düzgün olmaz.  Davam etməli və uğursuz zolaqdan çıxmalıyıq. Futbolçularımın yanındayam. İnanıram ki, hər şey daha yaxşı olacaq. Daha yaxşı kollektiv görmək üçün çox çalışmalıyıq.

 

- Hannes Halldorsson əsas heyətə düşməkdə çətinlik çəkir.

- Qapı ən ağır mövqedir. Qapıçıları dəyişmək hər zaman problem yaradır. Bu günə qədər hər bir qapıçıya şans vermişik. Bundan sonra da belə olacaq. 

 


Digər xəbərlər

Xəbər xətti