Halldorsson maşın sürməkdən imtina edib

14:01 29 Oktyabr 2018

“Qarabağ”ın qapıçısı Hannes Tur Halldorssonun oktyabrın 18-də yol qəzası törətdiyini və nəticədə bir nəfəri yaraladığını xəbər vermişdik. Maraq üçün qeyd edək ki, İslandiya millisinin qolkiperi hadisə baş verəndən dərhal sonra yaralını şəxsi avtomobilinə əyləşdirərək məhz onun köməyi sayəsində 3 saylı Sabunçu xəstəxanasına aparmışdı. 

 

Sportarena.az xəbər verir ki, hadisədən dərhal sonra futbolçunun agenti və klub rəsmiləri, eləcə də zərərçəkənin ailə üzvləri xəstəxanaya baş çəkib və yaşanan olayın hər kəsin başına gələ biləcəyi ehtimalı ilə ortaq dil tapıblar.

 

Odu ki, uzun illərdi hadisənin baş verdiyi Bülbülə qəsəbəsində yaşayan yaralı ilə arada heç bir problem olmayıb. Halldorsson hadisələrin sonrakı axarına önəm vermədən müalicənin bütün xərclərini üzərinə götürüb. Zərərçəkənin müayinələri, iynə-dərmanı, hətta qidalanması da “Qarabağ”ın futbolçusu tərəfindən qarşılanır. Dizindən zədə almış şəxs hələ də xəstəxanadadı və əlil arabasının köməyindən istifadə edir. Yaxın üç gün ərzində evə buraxılmaq ehtimalı var. Əməliyyatdan sonra ayağının bir müddət sarğıda qalacağı dəqiqdi.


Yaşanan hadisədən təsirlənən Hannes işini xərcləri qarşılamaqla bitmiş hesab etməyib. Belə ki, o bir neçə gün öncə Sabunçuya gedərək, xəstənin yer aldığı palataya baş çəkib. Xəstələr və qonaqlar arasında Halldorssonu tanıyanlar olub ki, əksəriyyəti ona səbirli olmağı tapşırıb. Sonda onu da qeyd edək ki, qəza baş verən gündən sonra islandiyalı sükan arxasına əyləşmir və çox güman, bir müddət avtomobil idarə etməyəcək. Hər halda, səbəbinə izah verməyə ehtiyac yoxdu. Allah hər ikisinin köməyi olsun... ("Futbol plus" qəzeti)


Xəbər xətti