Azərbaycan futbolunda növbəti biabırçılıq: hakimlər stadiondan qalib komandanın avtobusu ilə getdi

10:55 1 Noyabr 2018

Gəncədə keçirilən "Kəpəz" - "Turan Tovuz" matçındakı kobud hakim səhvi haqda məlumat vermişdik. Bildirmişdik ki, ilk hissədə Tovuz klubunun müdafiəçisi "Kəpəz"in futbolçusuna qarşı cərimə meydançasında aşkar kobud oynasa da hakim buna göz yummuş, penalti nöqtəsini göstərməmişdi. Çox maraqlıdır ki, həmin epizod həm də yan xətt hakimi Yaşar Abbasovun da düz gözləri qarşısında baş vermişdi. O da maraqlıdır ki, "Kəpəz"ə qarşı aşkar kobudluğa göz yuman hakim ikinci hissədə daha yüngül epizodda "Turan Tovuz"un xeyrinə penalti vermişdi.

 

Sportarena.az xəbər verir ki, Rekord.az saytına isə bu oyunla bağlı ilginc məlumatlar daxil olub.

 

Məlumata görə, həmin epizoda yaxın olan və kobudluğa göz yuman Yaşar Abbasov tovuzludur. Deyilənə görə, digər laysman Teymur Teymurov da tovuzludur. Məhz bu səbəbdən hər iki yan xətt hakimi oyun boyu "Turan Tovuz"un lehinə qərarlar veriblər. Daha ciddi olay isə oyundan sonra yaşanıb. Saytımıza verilən məlumata görə, matçdan sonra hər iki laysman stadionu məhz "Turan Tovuz"un avtobusunda tərk ediblər və qonaq komanda ilə birlikdə Tovuza gediblər. Bu isə qanuna ziddi addım sayılır. Çünki hakimlərə idarə etdikləri komandaların avtobusundan istifadə etmək qəti qadağandır. Xaqani Məmmədov 2005-ci ildə məhz oyununu idarə etdiyi "İnter"lə eyni kupedə Tovuzdan Bakıya qayıtdığı üçün hakimlikdən kənarlaşdırılmışdı. İndiki halda da əgər deyilənlər doğrudursa, o zaman Yaşar Abbasovla Teymur Teymurov da hakimlikdən qovulmalıdır.


Digər xəbərlər

Xəbər xətti