AAAF Holdinq IWF Konqresində tarixi təqdimat etdi - VİDEO

21:20 2 Noyabr 2018

Dünən Türkmənistanın paytaxtı Aşqabadda startı verilən qadınlar və kişilər arasında dünya çempionatından öncə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ənənəvi Konqresi keçirilib. 80 ölkədən 300-ə yaxın nümayəndənin iştirakı ilə keçirilən tədbirdə AAAF Holdinqin nümayəndəsi – Holdinqin İdarə Heyətinin üzvü Fəxri Ağayev də iştirak edib. O, həm şifahi, həm də xüsusi hazırlanan video təqdimat vasitəsilə Holdinq bardə məlumatları bütün dünya ağır atletikası ictimaiyyətinə çatdırıb.

 

Uzun müddətdir, Azərbaycanın tikinti sektorunda özünəməxsus yeri olan və brendə çevrilən AAAF Holdinq digərləri ilə yanaşı, idman obyektlərinin inşasında da böyük uğurlar əldə edib. Bu fəaliyyət xüsusilə ağır atletika sahəsində özünü qabarıq şəkildə göstərir. Ağayev çıxışında buna vurğu edib, görülən işlərlə yanaşı, gələcəkdə daha böyük layihələrin həyata keçiriləcəyini bildirib. Qeyd olunub ki, IWF və AAAF Holdinqin birgə layihələri həm Azərbaycan, həm də dünya ağır atletikasının inkişafına böyük təkan verəcək.

 

“AAAF Holdinq” Azərbaycanda bir çox fəaliyyət sahələrində öncüllərdən olan, genişmiqyaslı və innovativ layihələr həyata keçirən, böyük nüfuza malik şirkətdir. AAAF Holdinq inşaat, turizm, xidmət, təhsil, qida, media, əyləncə və idman sahələrində ixtisaslaşmış, sponsorluq və maliyyə yatırımı ilə fərqlənərək, bir sıra nailiyyətlər əldə edə bilmişdir. Şirkət bütün addımlarında idmanı önə çıxararaq, ona verdiyi üstünlük və dəyəri həmişə bəyan etmişdi.

 

AAAF Holdinq Azərbaycan Ağır Atletika Federasiyasının əsas infrastruktur tərəfdaşıdır. Məhz bu tərəfdaşlıq sayəsində federasiya Azərbaycanda ağır atletikanın inkişafı üçün lazımi tədbirləri həyata keçirir. Bu əməkdaşlıq nəticəsində federasiya son iki ildə 30-a yaxın ağır atletika zal və komplekslərinin açılışını, təmir-bərpa işlərini, yenidənqurma işlərini həyata keçirib və bu proses istər paytaxtda, istərsə də regionlarda tam sürətlə davam etdirilməkdədir.

 

Bu baxımdan xüsusi fərqləndirilə biləcəyimiz məkan federasiyanın mərkəzi təlim-məşq bazası olan və holdinqə məxsus olan AAAF Park Yaşayış Kompleksidir. Bura dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz, sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı bir məkandır. Məhz ağır atletikanın inkişafı üçün yaradılan Kompleksdə bu idman növü ilə məşğul olmaq üçün bütün imkanlar yaradılıb. AAAF Parkdakı təlim-məşq bazasında iki məşq və yarış zalı, fitness və Spa mərkəzi, ən müasir standartlara uyğun multifunksional üzgüçülük kompleksi, kotteclər və mehmanxanalar yerləşir. İstənilən beynəlxalq yarışlara hazırlıq üçün ideal məkanın xidmətlərindən Azərbaycanın bütün yaş qrupları üzrə ağır atletika yığma komandaları ilə yanaşı,  bir çox digər yığma komandalar – Səudiyyə Ərəbistanı, Misir, Əlcəzair, Mərakeş, İraq və başqaları da mütəmadi istifadə ediblər. Burada müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları keçmək üçün ən yüksək şəraitli məkanlar, bədii gimnastika, cüdo zalları, futbol və tennis meydançaları, həmçinin böyük yarış zalı fəaliyyət göstərir. Bununla yanaşı, AAAF Parkda lisey və tibb mərkəzi, əyləncə mərkəzləri, müxtəlif restoran və kafelər, buz meydançası, 7D Cinema, Kartinq, brend mağazalar vadır.

 

Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti Tomaş Ayan da bir müddət əvvəl AAAF Park Yaşayış Kompleksinin qonağı olub. O, burada federasiyaya məxsus olan idman təmayüllü “Zirvə Liseyi”nə baş çəkib, burada təhsil alan yeniyetmə ağır atletlərə yaradılan imkanları təqdir edib. Ağır atletika yığmamızın məşq zalında hər bir atlet üçün fərdi ştanq, körpücük, fərdi məşqçi, üstəlik, özəl otaqlarda istirahət imkanlarının yaradılması müsbət mənada təəccübə səbəb olub, belə şəraitə dünyanın nadir yerlərində rast gəlindiyi vurğulanıb. Zalın yerləşdiyi təlim-məşq bazasındakı taxta kotteclər və otellərin yalnız və yalnız idmançılar üçün ayrıldığı, onların məşqlərdən sonra tam bərpa prosesi keçməsi üçün bütün mümkün detalların nəzərə alındığı haqda məlumat verilib. AAAF-ın 1-ci vitse-prezidenti Tofiq Heydərov AAAF Parkın bir Olimpiya çempionunun ən kiçik yaşdan yetişdirilməsi, zirvəyə yüksəldilməsi üçün lazım olan hər şeyə malik olduğunu deyib. Tomaş Ayan burada ağır atletikanın inkişafı üçün bütün imkanların yaradıldığını, nümunəvi şərait qurulduğunu bildirib.

 

Holdinq paytaxtdan və ölkədən kənarda da böyük layihlərə imza atmaqdadır. Azərbaycanın ən cənub nöqtəsi sayılan Astara şəhərində istifadəyə verilən AAAF Park Yaşayış Kompleksi də bu qəbildəndir. Burada tikilən ağır atletika üzrə yeni təlim-məşq bazası olduqca möhtəşəm kompleksdir. Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin müasir avadanlıqlarla təchiz edilmiş geniş AAAF fitnes zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib. Bundan başqa, burada Holdinqin əsas idman klubu olan “Zirvə” idman klubuna məxsus iki hektar ərazidə atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb. Müxtəlif vaxtlarda Azərbaycanın ağır atletika üzrə bütün yaş qrupları burada təlim-məşq toplanışı keçirib. AAAF Park Astara layihəsinin təməlqoyma və açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib.

 

AAAF Park Yaşayış Kompleksi Xırdalan və Astaradan sonra daha bir möhtəşəm layihəsini ölkə xaricində – Moldovada həyata keçirib. Paytaxt Kişinyovdan 30 km aralıda, 1 080 000 m2 ərazidə, İvança qəsəbəsində inşa edilən məkan unikallılığı ilə seçilir. Burada ailəvi istirahət, uşaq və gənclər üçün əyləncə mərkəzləri, hotel, spa, hovuz kompleksi, “Zirvə” Beynəlxalq İdman Klubunun təlim-məşq bazası və idman zalı fəaliyyət göstərir. Ötən il ağır atletika üzrə 10-cu “Zirvə kuboku” məhz burada keçirilib, ağır atletika və fitness mərkəzinin açılışı olub. Mərasimdə Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu, Moldova Gənclər və İdman Nazirinin müavini Pavel Yanets və digər mötəbər qonaqlar iştirak ediblər. Bu məkan Avropanın ağır atletika üçün ən böyük idman komplekslərindən biridir. Yığma komandalar AAAF Park Moldovada yetərincə ucuz qiymətlərlə təlim-məşq toplanışı keçə, bütün lazımi şəraitlə təmin olunmaqla daxili və beynəlxalq yarışlara ən yüksək səviyyədə hazırlaşa bilərlər.

 

Əsas funksiyası AAAF Holdinqin bütün fəaliyyətlərini işıqlandırmaq və geniş ictimaiyyətə çatdırmaq olan AAAF TV isə həm də müxtəlif idman yarışlarının çəkilişi üzrə ixtisaslaşıb. TV daxili və beynəlxalq yarışların yüksək keyfiyyətdə yayınlanması təcrübəsinə malikdir. Peşəkar işçi heyəti, təcrübəli mütəxəssislərdən qurulan komanda ilə AAAF TV Holdinqlə yanaşı, istənilən qurumlara eyni xidmətləri təklif etməyə hazırdır.


Xəbər xətti