Qardaşı "Fulhem"də oynayan "Keşlə"li: "O, məndən daha şanslıdır"

14:24 4 Noyabr 2018

Topaz Premyer Liqasının 10-cu turunda evdə "Neftçi"yə 0:1 hesabıyla uduzan "Keşlə"nin hücumçusu Conatan Ayite oyundan sonra jurnalistlərə müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı toqolu forvard öncə oyunla bağlı danışıb:

 

- Çətin oyun idi. Çünki iki gün əvvəl “Qarabağ” kimi komandayla oynadıq. Bərpa olmağa az vaxt qaldı. Bu oyunda rəqib erkən qol vurdu. Bizim şanslarımız çox olsa da, qol vura bilmədik. Çox təəssüf ki, xalsız qaldıq.

 

- Ötən oyunda da “Qarabağ”ıa oyunda çoxlu qol şansların olmuşdu.

- Hücumçunun işi çətindir. Bəzən qol vurursan, bəzən isə yox. Sizi çox gözəl başa düşürəm. Bilirəm ki, hamı məndən qol gözləyir. Çalışacam ki, növbəti oyunlarda qol vurum.

 

- Ötən oyun "Qarabağ"a, bu tur isə "Neftçi"yə qarşı oynadın. Hansı komandanın çempionluq şansları daha çoxdur?

- Çətin sualdır. Amma “Qarabağ”ın oyun planı var, amma “Neftçi” də güclü komandadır, yaxşı hücumçuları var. Amma belə demək çətindir. “Qarabağ”ı üstün sayıram.

 

- Fransa və Türkiyə klublarında oynamısan. Necə oldu ki, Azərbaycana gəldin? Həqiqətən də “Keşlə”də oynamağı istəyirsən, yoxsa bura tramplin kimi baxırsan?

- “Keşlə”yə oynamağa gəlmişəm, dincəlmək fikrim yoxdur. Təbii ki, güclü komandalarda oynamışam. Amma “Keşlə” də hədəfləri olan klubdur. Başqa kluba keçmək niyə də olmasın.

 

- Sənin qardaşın Floyd Ayite İngiltərə Premyer Liqasında mübarizə aparan “Fulhem”də oynayır. O, səndən daha şanslı futbolçudur?

- Təbii ki, qardaşım məndən daha şanslı, istedadlı və xoşbəxtdir. O, İngiltərə Premyer Liqasında oynayır. Mən də burada. Allahın işidir.

 

- Qardaşın bilir ki, baş götürüb Azərbayana gəlmisən?

- Əlbəttə, bilir. Axı biz qardaşıq. Onun “Keşlə”də oynamağımdan xəbəri var. Amma bu, mənim üçün yeni çağırışdır. Azərbaycan gözəl ölkədir. Burda futbola maraq var. Bunu normal qarşılayıram. Allaha şükür edirəm, biz müsəlmanıq. Həm də futbol həyatı belədir, bu gün burdasan, sabah başqa yerdəsən. Durumumdan razıyam.


Digər xəbərlər

Xəbər xətti