"Keşlə"nin Sezar Meza Kolliyə 4 min dollar borcu qalıb?

16:45 6 Noyabr 2018

Hazırda Rumıniyada top qovan Sezar Meza Kollinin işləri yolunda getmir.

 

Sportarena.az xəbər verir ki, avrokuboklardan sonra “Keşlə”ni “Universitatya”ya dəyişən paraqvaylı yarımmüdafiəçi yeni klubunda cəmi 6 oyuna çıxıb. Onun ikisi avrokubok matçı olub. Başqa sözlə, Sezar Rumıniya çempionatında və kubokunda cəmi 4 oyuna çıxıb və üst-üstə cəmi 90 dəqiqə meydanda olub. Bugünlərdə azərisport.az saytına açıqlama verib və az oynamasını zədə ilə əlaqələndirib. Deyəsən, maddi planda da vəziyyəti yaxşı deyil. Hər halda, məlum açıqlamada “Keşlə”nin ona borcunun olduğunu da yada salıb. Təbii ki, hər bir futbolçunun müqavilə ilə ona çatmalı olan pulu tələb etməyə haqqı çatır. Amma söhbətin hansı məbləğdən getdiyini biləndə təəccüblənəcəksiz. Sezar deyib ki, “Keşlə” ona son ayın maaşını ödəməyib.

 

Dünən paytaxt klubu ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirdik: “Doğrudu, Meza Kolliyə borcumuz var. Ancaq bu, bir ayın yox, yarım ayın məvacibidi. Yubanma texniki məsələdən qaynaqlanır. Sezarla müqavilə ayın ortasında pozulduğu üçün ona yarım ayın maaşı ödəndi və yola salındı. Məvacibinin qalan yarısı isə növbəti ayın hesablaşmasına qaldı. Belədə yubanma yarandı. Buna baxmayaraq, klub müqavilədə nəzərdə tutulan öhdəliyinə əməl edəcək. Bugünlərdə komandanın bütün üzvlərinə əvvəlki aylardan qalan maaşlar ödənildi. Sezarın da yarım aylıq maaşı hesabına göndəriləcək”. 

 

Bizdə olan bilgiyə görə, Sezar “Keşlə”də aylıq 8-9 min dollara top qovub. Onun yarısı da 4 min, 4500 edir. Futbolçu məhz həmin kəsirin davasını edir. Halbuki ondan imtina da etmək olardı.  Axı Bakını tərk etməmişdən cəmi iki ay əvvəl Zaur Axundov kubokun finalındakı qələbəyə görə hamıya 4-5 min mükafat verəndə, ona 6 min verib istirahətə yola salmışdı. Üstəlik, “Universitatya” da onunla 3 illik müqavilə imzalayıb və bizdə olan bilgiyə görə, ilinə 240 min qazanır. Sezarın “qəpik-quruş davası” etməsi öz yerində, “Keşlə”nin indiyə qədər həmin 4-5 mini ödəməyib özünü dilə-dişə salması utandırıcıdı.

 

Axı Zaur Axundov həftəsonu restoranda dostlarıyla yeyib-içəndən sonra bir dəfəyə o pulun az qala yarısı qədər hesab ödəyir. Klub bu müddətdə üç məşqçi dəyişib, ona yaxın futbolçu transfer edib, amma Sezarın yarımaylıq maaşını verməyə pul tapmayıb?! ("Futbol plus" qəzeti)


Digər xəbərlər

Xəbər xətti