Qurban Qurbanov: "Son illərdə çox təcrübə qazanmışıq"

21:02 7 Noyabr 2018

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa liqasının qrup mərhələsi çərçivəsində sabah Ukrayna təmsilçisi “Vorskla” ilə  baş tutacaq oyundan öncə mətbuat konfransı keçirib.

 

Sportarena.az-ın Ukraynaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, baş məşqçi oyunla bağlı ilk olaraq bunları bildirib:

 

“Sabah bizi vacib və çətin oyun gözləyir . Çox istəyərdik ki, bu oyunda yaxşı nəticə əldə edə bilək. Bilirik ki, bu çox çətin olacaq, “Vorska”la oyun üçün futbolçularımızı hazırlamışıq. Yaxşı nəticə üçün meydana çıxacayıq. Hamımız meydanda diqqətli olmalıyıq”.

 

- Zədələlilərin vəziyyəti necədir?

- Ansi Aqollidən başqa, digərlərinin vəziyyəti normaldır, onların oynama ehtimalı var. Ehtiyac olduğu halda, istifadə edəcəyik.

 

- Sabahkı oyunu Bakıdakı matçın revanşı kimi düşünə bilərikmi?

- Mən buna revanş deməzdim. Digər rəqib də olsaydı, yenə yaxşı nəticə üçün oynayacaqdıq. “Vorskla” qalib gələcəyi halda  xallarını daha da artıracaq. Belə desək, sabah ən azından yaxşı oyun və yaxşı mübarizə görə biləcəyik.

 

- Hələ püşkatma olarkən belə, “Qarabağ” “Vorskla”nı münasib rəqib görürdü. Bilmək istərdik ki, “Vorskla” yenə münasib rəqib kimi qalırmı?

- Belə rəqibləri üstün saymaq lazımdır. Bu klub Ukrayna çempionatında oynayır. Çempionat bizim çempionatdan daha üstündür. Amma biz də son illərdə çox təcrübə qazanmışıq. Daha güclü çempionatların klubları ilə oynamışıq və uğurlu nəticə əldə etmişik. Bakıdakı oyunda da biz rəqibdən geri qalmırdıq. Sabahkı matçda aydındır ki, “Vorskla” öz meydanında daha aktiv oynayacaq. Amma biz də qələbə qazanmaq üçün gəlmişik və istəyirik ki, yaxşı oyun göstərə bilək.

 

- “Arsenal”la Bakıdakı oyunda bir neçə qol vurmaq imkanı yarada bildik. Amma bu uğuru “Vorskla” ilə oyunda göstərə bilmədik. Bunu oyuna motivasiya ilə bağlamaq olarmı?

- Həqiqətən də “Arsenal”la oyunda xeyli qol epizodlarımız oldu. Amma “Vorskla” ilə oyunda düşünmürəm ki, motivasiyamız aşağı idi. Amma bu iki komanda tam fərqli sistemlə oynayırlar. “Arsenal” daha açıq futbol oynayırdı, bu da bizə imkan verirdi ki, rahat oynayaq. Amma bu rəqib isə fərqli taktika seçdi. Qapalı oyun göstərərək, bizə çox da oynamaq imkanı vermədi. Üzərimizdə basqı var. Azərbaycan yeganə klub olaraq iştirak edir. “Qarabağ” klubu ilə bağlı maraq da çoxdur, bu da bəzən futbolçularımızda daha çox psixoloji gərginlik yaradır. Ola bilər ki, bu amil bizə oyunda son nöqtəni qoymağa mane oldu. Bundan əvvəlki  oyuna baxmışıq və buna uyğun da hazırlaşmışıq, ola bilər ki, sabah Bakıdakı oyundan fərqli matç olsun.

 

Rüfət NADİRLİ, Ukrayna


Digər xəbərlər

Xəbər xətti