Cavid İmamverdiyev: "Klub prezidenti dedi ki, bu hesabı sizə yaraşdırmadım"

13:26 11 Noyabr 2018

Topaz Premyer Liqasının XI turunda "Sabah" evdə "Səbail"ə 0:4 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra meydan sahibləri Cavid İmamverdiyev jurnalistlərə müsahibə verib. O, öncə böyük hesablı yenilgini şərh edib.

 

- Vallah, heç özümüz də bilmədik, nə baş verdi. Rəqib əlinə düşən fürsətlərdən istifadə etdi. Bizim də qol epizodlarımız oldu. Oyunda ilk təhlükəli vəziyyəti biz yaratdıq, ancaq topu qapıdan keçirə bilmədik. Ardınca onların hücumu qolla nəticələndi. Bu  futboldur. Gərək vaxtında şanslardan istifadə edəsən. Bu matçı yaddan çıxarıb, qarşıdakı oyunlara köklənmək lazımdır.

 

- Rəqibin bu gün sizi tam olaraq analiz etdiyi fikri ilə razısanmı? Çünki sizi öz silahınız - əks-hücumlarla vurdular.

- Xeyr, mən belə deməzdim. “Səbail”in qələbəsinə kölgə salmaq istəmirəm, haqlı qələbəq qazandılar. Biz də şanslardan istifadə etsəydik, bəlkə də, oyun başqa cür olardı. Uduzmaq olar, ancaq bu hesabla məğlub olmağı bizim kimi komandaya yaraşdırmıram.

 

- Oyundan sonra baş məşqçi və ya rəhbərlik sizi danlamadı?

- Bizdə elə bir şey yoxdur ki, klub prezidentimiz bizi danlasın. Sadəcə, bizə dedi ki, bu hesabı sizə yaraşdırmadım. Biz də bu hesabı özümüzə yaraşdırmadıq.

 

- Hər dəfə “Sabah” qol vurmayanda, uduzanda Marko Deviç yada düşür. Qol vura bilməməyinizdə onun yoxluğunun rolu var?

- Əlbəttə, rolu var. Bugünkü gündə hücumçusuz meydana çıxırıq. Tural Qürbətov var təkcə, o da gənc uşaqdır. Onun da üstünə çox getmək lazım deyil. Hücumçusuz çətin olur. Amma biz bir futbolçudan asılı deyilik. Sadəcə, rəqib qol epizodlarından istifadə etdi və qələbə qazandı. Bu qədər.

 

- Cavid, belə məğlubiyyətdən sonra fasilənin olması yerinə düşürmü?

- Əlbəttə. Bu müddətdə özümüzə gəlməliyik. Qarşıdakı oyunlara köklənməliyik. Bugünkü məğlubiyyət bizə dərs olsun. Sadəcə, hər kəs baş məşqçimiz Elşad müəllimin tapşırıqların tam olaraq yerinə yetirsə, belə olmaz.

 

-  Hiss olunurdu ki, bəzi legioner futbolçularınız meydanda güclərini tam olaraq ortaya qoymurdular. Sən nə düşünürsən?

- Buna baş məşqçimiz qərar verəcək. Bu, onun işidir, mən qarışmıram. Ancaq tam güclərini ortaya qoymurlar deməzdim. Sadəcə, bir az məsuliyyətsiz yanaşırıq. Bu məsələni də Elşad müəllim yoluna qoyacaq.

 

- Komanda sanki bir az yorğun görünürdü..

- Xeyr, yorğun deyildik. Sadəcə, qapımızda qol görəndə istər-istəməz psixoloji cəhətdən mənfiyə doğru enirik. Ən pis cəhətimiz budur. Bir qol buraxan kimi elə bilirik ki, oyunu əldən verdik. Yəni, ruhdan düşürük. Futbol 90 dəqiqədir. Hesabı bərabərləşdirə də bilərdik. Hər şey ola bilərdi. Sadəcə, əlini, qolunu sallamaq lazım deyil. Sona qədər oynamaq lazımdır.

 

- Qol buraxdıqdan sonra geridönüş etməkdə çətinlik çəkirsiniz. Öncəki matçlarda daha çox ilk qolu vurub, hesabı qorumağa çalışırdınız. Bu, elə bil sizdə vərdiş halına çevrilib.

- Baxır, hansı komandaya qarşı necə bir futbol oynayırsan. Bu, sırf bizim oyunmuzdan asılıdr. Yaxşı oynasaq, bir qol vurduqdan sonra daha birin də vura bilirik. Yaxşı oynamayıb, bir qol vuranda isə məcbur müdafiədə dayanıb, hesabı qorumağa çalışırıq.

 

- Bu məğlubiyyət ən çox sənə pis təsir etməlidir. Çünki millidən dəvət alsan, dilxor halda gedəcəksən.

- Əlbəttə, çox təsir etdi. Belə olmamalı idi. Kapitan olduğum üçün də daha çox təsir edir. Sadəcə, məsuliyyətli olmaq lazımdır. Elşad müəllimin tapşırıqlarını yerinə yetirmək üçün çalışmaq lazımdır.

 

- Milli komandanın Millətlər Liqasındakı oyunlarına qədər psixoloji cəhətdən düzələcəyini düşünürsən?

- Bu gün məğlub olmuşam, amma Qurban müəllim inşallah, məsləhət bilib, məni çağırar. Ora getsən, hər şey yaddan çıxmalıdır. Çünki bu, millidir. Öz klubunda istəyirsən, 0:10 hesabı ilə məğlub ol, ancaq milli komandanın oyunlarında tamam başqa cür olmalısan.

 

- Millətlər Liqasında Farer adaları və Kosovo ilə iki ağır oyun olacaq. Hansı nəticəni gözləyirsən?

- Qələbə qazanıb, Azərbaycan xalqını sevindirmək lazımdır.


Digər xəbərlər

Xəbər xətti