Qurban Qurbanov gecə restoranda stulların üstündə yatdı

17:22 12 Noyabr 2018

"Qarabağ" Avropa Liqasında ikinci dövrəyə Ukraynada start verdi. Azərbaycan çempionu Poltovada «Vorskla»nın qonağı oldu. Təmsilçimiz Araz Abdullayevin penaltidən vurduğu erkən qolla 1:0 hesablı qələbə qazandı. Ağdam komandası matçdan az sonra vətənə dönməyi planlaşdırırdı. Lakin ilk çarter reysi baş tutmadı.

 
Sportarena.az xəbər verir ki, şaxtalı hava təyyarənin Poltava hava limanından səmaya qalxmasına imkan vermədi. «Hava gəmisi»nin təkərlərinin don vurması «Qarabağ»ın gecəni də bu şəhərdə keçirməsinə səbəb oldu. Bu zaman komandanın düşərgəsində doğrudan-doğruya hadisə baş verib. Belə ki, özüylə səfərə 20-dən artıq media mənsubu aparan klub ciddi problemlə üzləşib. Oyundan bir neçə saat əvvəl oteli tərk edən jurnalistlər geri qayıtmalı olanda boş nömrələr tapılmayıb.


Poltavada cəmi 3-4 otel olduğundan, hamısı yeni müştərilər tərəfindən tutulub. «Qarabağ»lılar isə özünün qaldığı məkanda güclə yer götürə bilib. Belədə yalnız futbolçularla mətbuat işçilərini yerləşdirmək mümkün olub. Klub rəsmiləri, o cümlədən, Qurban Qurbanov və köməkçilərinə yer qalmayıb.


Onlar harda gecələsə yaxşıdı? Dördulduzlu otelin birinci mərtəbəsində yerləşən restoranda. Yan-yana düzdükləri stulların üzərində yuxulayıblar. Bu da «Qarabağ» və Qurban Qurbanov fərqi… Əcnəbi baş məşqçi olsaydı, sözsüz, oteldə birinci özünun rahatlığı üçün otaq sifariş edər, tapılmasa, aləmi bir-birinə vurardı. (Sportinfo.az)


Digər xəbərlər

Xəbər xətti