U-15 Liqası: 70 dəqiqəlik oyunun 76-cı dəqiqəsi!

16:29 12 Noyabr 2018

Həftəsonu U-15 Liqasında 7-ci turun oyunları keçirildi. Bu tur qarşılaşmalar məhsuldarlığı ilə seçildi. 7 oyunun 6-da qapılara ən azı 4 qol vuruldu. Yalnız mərkəzi görüşdə futbolçular fərqlənə bilmədilər.

U-15 Liqası, 7-ci tur

«Qarabağ» - «Sabah» 0:0

Elə mərkəzi oyundan başlayaq. Bərabər səviyyədə gedən mübarizədə hər iki komanda oyunboyu dəfələrlə fərqlənmək imkanı əldə etsələr də, ya futbolçularda dəqiqlik çatışmadı, ya da qapıçılar Tərxan Mehmanli ilə Ayxan Qələndərli inamlı oynayaraq qapılarını toxunulmaz saxlaya bildilər. Qonaq komandanın baş məşqçisi Namiq Allahverdiyev məhz Tərxanı və sol cinah müdafiəçisi İnqilab Ağazadəni bu oyunda «Qarabağ»ın yaxşısı hesab etdi. «Qarabağ»ın baş məşqçisi Xəyal Həsənov isə qonaqlardan Firəddin Abdullayevin oyununu daha çox xoşladığını söylədi.

«Sumqayıt» - «Səbail» 3:4
Qollar:
Sənan Ağayev, 44; Əli Əlizadə, 47, 50 - Nicat Quliyev, 13, 19, 70+2 (pen.); Kamil Mahmudov, 34

Turun ən maraqlı oyunu Sumqayıtda keçirildi desək, yanılmarıq. Turnir cədvəlində qonşu olan komandaların mübarizəsində istənilsə belə, əvvəlcədən belə ssenari yazmaq çətin olardı. Qonaqların üstünlüyü şəraitində keçən oyunun ilk yarısında qapılara 3 qol vuruldu. Maraqlıdır ki, bu qolların hamısı «Sumqayıt»ın qapısından keçmişdi. Düşünmək olardı ki, ilk yarıda 3 top fərqi ilə öndə olan qonaqlar ikinci hissədə oyunu yola verməklə məşğul olacaqlar. Gəl ki, fasilədən sonra qapılar kimi matçın gedişatı da 180 dərəcə dəyişdi. «Sumqayıt» 6 dəqiqə ərzində buraxılan hər 3 qolun əvəzini çıxdı. Qalan dəqiqələrdə artıq, meydanda gərgin mübarizənin getdiyini yazmağa ehtiyac yoxdur. Hər halda Səbuhi Həsənovun komandası əsas vaxta artırılmış 2-ci dəqiqədə qələbə topunu vura bildi. «Səbail»in lideri Nicat Quliyev penaltidən yararlanmaqla həm komandasına 3 xal gətirdi, həm «het-trik»ini rəsmiləşdirdi, həm də bombardirlər yarışında 1-ci pilləyə yüksəldi.

İsgəndər Cavadov BFA – «Xilə» 2:2
Qollar:
Fərid İbrahimzadə, 35+1 (pen.); İbrahim Məmmədov, 70+6 – Seyidəli Tağızadə, 2; Uğur Abbasov, 13 (avtoqol).

Oxşar ssenari bu oyunda baş verdi. Fərq yalnız qalib komandanın müəyyənləşməməsində oldu. Qonaqların hücumları ilə başlayan oyunda hesab artıq, 2-ci dəqiqədə açıldı. Seyidəli Tağızadə qonaqların qol hesabını açdı. 11 dəqiqə sonra meydan sahiblərinin futbolçusu Uğur Abbasov qol vurdu. Lakin o, topu öz qapısından keçirdi. «Sumqayıt» - «Səbail» matçında olduğu kimi burada da qonaqların asan qələbə qazanacağını gözləmək olardı. Amma Novruz Əzimovun yetirmələri özlərində təpər taparaq oyunda dönüş yarada bildilər. 1-ci hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə penaltidən Fərid İbrahimzadə ilə hesabı bərabərləşdirən İsgəndər Cavadov BFA bir daha matçın son saniyələrində İbrahim Məmmədovun timsalında bərabərlik qolunu vura bildi. Bu qol həm də İsgəndər Cavadov BFA-nın cari çempionatda ilk xalını qazanmasına nədən oldu. İbrahim təkcə qolla yadda qalmadı. O, vurduğu qolun sevincini tam yaşamamış rəqib futbolçunu təhqir etdiyinə görə meydandan qovuldu. 

 

Oyundan sonra «Xilə»nin baş məşqçisi Əli Məmmədov bizimlə əlaqə saxlayaraq baş hakim Fərid Rəhimzadənin idarəçiliyindən ciddi narazılıq ifadə etdi. Onun sözlərinə görə, referi matçın müəyyən hissəsində «Xilə»ni «sındırmaq»la məşğul idi. Üstəlik, hakimlikdən xəbəri yox idi. 

 

Əli Məmmədovun sözlərinin həqiqəti nə dərəcədə əks etdirdiyini deyə bilmərik. Bu, məşqçinin subyektiv fikridir. Bizim mövqeyimiz isə… Sadəcə, oyunun protokolu ilə bağlı maraqlı, eyni zamanda gülməli görünə biləcək 2 məqamı göstərməklə kifayətlənəcəyik. Orada birinci hissənin 2:1 hesabı ilə başa çatdığı göstərilib. Yəni, ilk yarıda 3 qol vurulub. Amma 3-cü qolun vurulma dəqiqəsinin qarşısında 36 rəqəmi yazılıb! 15 yaşlıların çempionatında oyunlar 70 dəqiqə keçirilir. Deməli, 1 hissə 35 dəqiqə olur. Eyni hal 4-cü qolda da təkrarlanır. İbrahim Məmmədovun qolunun 76-cı dəqiqədə vurulduğu göstərilir. Birincisi 70+6 yazılmalı idi. Hesab edək ki, hakim doğru yazıb. Yaxşı, oyuna ümumilikdə 5 dəqiqə artırıldığını nəzərə alsaq, buna nə ad vermək olar?

 

«Mil-Muğan» - «Neftçi» 1:7
Qollar:
Əli Fətəlizadə, 28 (pen.) - Ağadadaş Salyanski, 4, 20, 48; Oruc Məmmədov, 7, 12, 34, 45 

 

Bakılıların İmişli səfəri darmadağınla nəticələndi. Oyunun favoriti olan qonaqlar rəqibi 7 dəfə məyus etdilər. Özü də 2 futbolçunun timsalında. Eldəniz Məmmədovun yetirmələrindən Ağadadaş Salyanski «het-trik», Orus Məmmədov isə «poker»lə yadda qaldı. Meydan sahiblərinin yeganə qolunu hesab 0:4 olarkən, Əli Fətəlizadə penaltidən vurdu. 

 

«Zirə» - «Zaqatala» 4:1
Qollar:
Murad Əliyev, 11; Tərlan Salahov, 30; Mahmud Ağayev, 33, 58 – Xaqani Məmmədov, 21

 

Autsayderin çətin Bakı səfərindən xal(lar)la dönəcəyi inandırıcı görünmürdü. Belə də oldu. Niyazi Rzayevin komandası «Zaqatala»nı böyük hesabla məğlub etməyi bacardı. Məğlubiyyətə baxmayaraq, qonaqlar oyunda heç də pis təsir bağışlamadılar. Həm də nəzərə alaq ki, «Zaqatala» Bakıya cəmi 11 futbolçu ilə gəlmişdi. Başqa sözlə, komandada ehtiyat futbolçu yox idi. Bunun səbəbini komandanın baş məşqçisi İslam Şabanovdan soruşduqda o, futbolçuların çoxunun səhhəti ilə əlaqədar oyunu buraxdığını dedi: «Bəxtimizdən uşaqların bir neçəsi oyundan əvvəl xəstələndi. Kimisi suçiçəyi oldu, kimisi zökəm… Məcburən oyuna cəmi 11 futbolçu ilə gəldik. Onlardan biri 2006-cı il təvəllüdlüdür. Yaxşı ki, oyunun gedişində zədələnən olmadı».
Oyunun yaxşılarına gəlincə, hər iki məşqçi rəqib komandada «7 nömrə»ni bəyəndiyini söylədi. Bunlar «Zirə»dən Rza Əliyev, «Zaqatala»dan isə Aqil Nəzərlidir.

 

«Keşlə» - Gəncə TİM 5:0
Qollar:
Zaur Kərimov, 1 (avtoqol); Qurban Səfərov, 37, 54; Elmir Məmmədov, 47 (avtoqol); Kamran Məlikov, 61

 

Cəmi 2 gün əvvəl bu komandaların 16 yaşlılarının oyununda «Keşlə» 3 xalı 2 qolla qazanmışdı. Bu dəfə də 3 xal «Keşlə»nin oldu. 5 qolla.

 

Oyunda hesab 20-ci saniyədə açıldı. Rəşid Səfixanlının qapı önünə etdiyi ötürməni qonaqların müdafiəçisi Zaur Kərimov tərs toxunuşla öz qapısından keçirdi. Bu, gəncəlilərin oyunda yeganə avtoqolu olmadı. Hesab 2:0 olarkən, Elmir Məmmədov Zauru «tək qoymadı». Onun «fərqlənməsinə» 2-ci qolun müəllifi Qurban Səfərov səbəbkar oldu. Yeri gəlmişkən, Qurban 7 dəqiqə sonra dublunu rəsmiləşdirdi. Matçın yekun nəticəsini müəyyənləşdirən qolu isə Kamran Məlikov vurdu. 

 

Oyundan sonra qalib komandanın məşqçisi Nurəddin Məmmədov qonaqların heyətində Seymur Fərəcinin daha çox xoş təsir bağışladığını bildirdi. Qonaqların çalışdırıcısı İlham Səmədovun fikrincə isə, «Keşlə»dən Tural Əmirhümeynov və qapıçı Sahib Həsənov oyunun ən yaxşıları idi.

 

«Qəbələ» - «Neftçi» İK İB 4:0
Qollar:
Sahil Həsənov, 15, 33; İxtiyar Məmiyev, 36; Sərxan Mirzəzadə, 41

 

Bu oyun haqqında ətraflı məlumat toplaya bilmədiyimizdən yalnız 1 faktı göstərməklə kifayətlənəcəyik. Ülfət Mədətovun yetirmələri çempionatın vahid lideri olmaqla yanaşı, 7 oyunda qapısını toxunulmaz sayxlayan yeganə komandadır. Növbəti turda autsayderlə səfərdə qarşılaşacağını nəzərə alsaq, «Qəbələ» rekordunu yeniləyə bilər.

 

Bombardirlər: Nicat Quliyev («Səbail») – 14 qol, Şahmar Aşurov («Sabah») – 12 qol.

 

U-15 Liqasında 8-ci turun oyunları noyabrın 3-də keçiriləcək: «Neftçi» İK İB - İsgəndər Cavadov BFA, «Zaqatala» - «Qəbələ», «Neftçi» - «Zirə», «Səbail» - «Mil-Muğan», «Sabah» - «Sumqayıt», «Keşlə» - «Qarabağ», Gəncə TİM – «Xilə».

 

«Het-trik news» qəzeti


Digər xəbərlər

Xəbər xətti