"Arsenal"ın hücumçusu "Qarabağ"a qarşı oynamayacaq

20:29 12 Noyabr 2018

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubunun futbolçusu Denni Uelbek əməliyyat olunub.


Sportarena.az xəbər verir ki, bu barədə London komandasının baş məşqçisi Unai Emeri bildirib. Onun sözlərinə görə, IV turda Portuqaliya "Sportinq"i ilə qolsuz bərabərliklə başa çatan matçın 25-ci dəqiqəsində topuğu sınan 27 yaşlı hücumçu uzun müddət meydana çıxa bilməyəcək: "O, mövsümün sonuna qədər qayıda biləcəkmi? Bu barədə həkimdən soruşmaq lazımdır. Çox ciddi zədədir. Lakin müddətlə bağlı həkim daha dəqiq məlumat verə bilər".

 

Emerinin sözlərindən belə aydın olur ki, Uelbek üçün il başa çatıb və o, Ağdam komandası ilə görüşdə iştirak etməyəcək. Qeyd edək ki, "Arsenal" dekabrın 14-də VI tur çərçivəsində "Qarabağ"ı qəbul edəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan matçda "topçular" 3 cavabsız qolla qalib gəliblər.


Digər xəbərlər

Xəbər xətti