Namiq Əliyev: “Qazaxıstanda ən azı 8 lisenziya qazanmalıyıq”

Sportarena.az      13 Noyabr 2018, 11:16

Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev bu gün Olimpiya Güləş Mərkəzinə baş çəkib.


Sportarena.az xəbər verir ki, güləşçilər, məşqçilər və federasiya rəsmiləriylə görüş keçirən AGF rəhbəri ötən ay Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında medal qazanmış yığma üzvlərinə pul mükafatlarını təqdim edib.


Namiq Əliyev müxtəlif məsələlərlə bağlı fikirlərini də açıqlayıb: “Artıq Olimpiadaya vəsiqə qazanmaq çətinləşib. Tokio-2020-də hər çəkidə cəmi 16 idmançı iştirak edəcək. Lisenziyaların sayı təxminən 30 faiz azaldılıb. İlk növbədə çalışmaq lazımdır ki, lisenziyaları gələn il Qazaxıstanda keçiriləcək dünya çempionatında əldə edək. Digər lisenziya turnirlərinin məkanları hələ məlum deyil. Biz də bu yarışlardan birini təşkil etmək üçün namizədliyimizi irəli sürmüşük. Sabah Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Bakıya gələcək. Onunla da bu məsələni müzakirə edəcəyik. Laloviçin cənab prezident İlham Əliyevlə də görüşü nəzərdə tutulub. Hər halda, ölkə başçısı da öz fikirlərini bildirər və bizə dəstək olar ki, lisenziya turnirlərindən birini Bakıda keçirək. 


Dünya çempionatında 5 medal qazandıq. Ən yüksək nəticəni Eldəniz Əzizli göstərdi. O, bu il Avropa çempionu olmuşdu. Finalda ağır mübarizə şəraitində dağıstanlı rəqibinə qalib gəlmişdi. Budapeşt Eldənizə düşərli şəhərdir. Çünki 2010-cu ildə orada gənclər arasında dünya çempionu olmuşdu. Eldənizi bu uğuru münasibətilə təbrik edirik. Onun qızıl medalı bizim üçün təsəlli oldu. Çəki məsələsinə də aydınlıq gətirmək lazımdır. Yanvardan hamı öz çəkisində mübarizə aparmalıdır. Kim hansı çəkidə güləşməyə qadirdisə, o kateqoriyada da çıxış etməlidir. Bunun üçün mütəxəssislər dəvət edəcəyik. Hansı güləşçinin hansı çəkidə çıxış edəcəyinə aydınlıq gətirəcəyik. Güləşdə rəqabət çox güclənib. Gələn il Qazaxıstanda ən azı 8 lisenziya qazanmalıyıq. Tokioda Olimpiada zamanı hava çox isti olacaq. Mübarizə aparmaq, çəki salmaq çətinlik yaradacaq. Hər çəkidə 2 kq güzəşt də olmayacaq. Eldəniz indi 55 kq-da çıxış edirsə, yanvardan olimpiya çəkisi olan 60 kq-da mübarizə aparsın. 


Astanadakı mundial çox vacib yarışdır. Orada uğurlu çıxış etməliyik. Çox az vaxt qalıb. Səhvlərin üzərində işləmək lazımdır. Məşqçilər nöqsanları təhlil etməlidir. Bir idmançı eyni rəqibə bir neçə dəfə uduzursa, buna aydınlıq gətirmək lazımdır. Bütün güləşçilərə normal şərait yaradılıb. Abdulrəşid Sadullayev ötən il dünya çempionatının finalında Kayl Snayderə uduzmuşdu. Amma bu dəfə çox qısa vaxtda rəqibinə qalib gəldi. Bəlkə də o bir il yatmayıb, bu görüşə hazırlaşıbmış. Fikirləşib ki, “mən ona niyə uduzmalıyam axı”. Bütün güləşçilərdə bax belə qürur hissi, mənlik, kişilik olmalıdır. Sizin gələcəyiniz güləşlə bağlıdır. Hamınızdan qələbə gözləyirəm”. 


AGF rəhbəri Rumıniyanın paytaxtı Buxarestdə startı verilən 23 yaşadək güləşçilərin dünya çempionatında çıxış edən idmançılarımıza da uğurlar arzulayıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin