Qurban Qurbanov: “Nəticə üçün nə lazımdırsa, onu edəcəyik”

22:00 19 Noyabr 2018

"Son oyunumuza çıxırıq. Hər iki komanda üçün çox vacib oyundur. İlk gündən Kosovoya qiymət vermişəm, yaxşı oyunçuları var. Belə komandaya qarşı oynamaq bizim üçün çox xoşdur".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov Millətlər Liqasının qrup mərhələsinin son turunda səfərdə Kosovoya qarşı keçirəcəkləri matçı dəyərləndirərkən deyib. Təcrübəli mütəxəssis komandasının sabahkı matçı hazır olduğunu bildirib:

 

- İnanıram ki, futbolçularımız sabah meydanda bütün güclərini ortaya qoymağa çalışacaqlar. Oyunun yükünü qaldırmağa hazırıq.

 

- Sizdən öncə Kosovo millisinin baş məşqçisi azərbaycanlı futbolçuları təəriflədi və bizim favorit olduğumuzu söylədi. Sizin fikrinizcə, favorit hansı komandadır? 

- Xoş sözlərə görə rəqibin baş məşqçisinə təşəkkür edirəm. Əgər yadınızdadırsa, mən də ilk oyundan sonra Kosovonu tərifləmişdim. Bu gün fərqli fikir bildirsəm, düz olmaz. Kosovonun böyük potensialı var. Kosovo doğma meydanda oynayır, üstünlüyü var. Lakin biz Kosovoya qələbə qazanmaq üçün gəlmişik. Futbolçular oyunun mahiyyətini dərk edirlər. Ancaq mənim üçün hər şeydən öncə futbolçunun göstərdiyi oyun, intizamdır. Düşündüyümüz kimi alınsa, uğur bizim yanımızda olacaq. Favorit komanda barədə yox, sabahkı oyun barədə düşünürəm. Nəticə üçün əlimizdən gələni edəcəyik.  

 

- Komandamız Millətlər Liqasında ilk oyunlarını daha yaxşı keçirib. Yığmamız sonuncu oyundan qələbə ilə ayrılmaq üçün fiziki cəhətdən hazırdır?  

- Ola bilər ki, yorğunluq olsun. Lakin bu barədə düşünmürük, istirahət etməyə vaxtımız olub. Rəqibimizlə eyni oyunlar keçirmişik. Bəzi amillər bizim tərəfimizdə olmalıdır. Qalib gəlmək istəyiriksə, hər bir çətinliyə hazır olmalıyıq və 90 dəqiqə ərzində dayanmamalıyıq. 

 

- Rəqib böyük ehtimalla, müdafiə futboluna üstünlük verəcək. Onların müdafiəsini yarmaq çətin olmayacaq?

- Rəqib öz meydanında oynayır. Komandanın hücumameyilli futbolçuları çoxdur. Baş məşqçiləri çox təcrübəli, bacarıqlıdır. Yəqin ki, doğru, düzgün qərarı verəcək. Biz öz oyunumuzu düşünməliyik. Biz onları nə qədər məcbur etsək, o qədər müdafiədən oynayacaq. Hücum futboluna üstünlük verən komandaya qarşı oynayacağıq.  

 

- Rəqin son oyununda böyükhesablı qələbə qazandı və hücumçuları fərqləndilər. Onlara qarşı necə hazırlaşmısınız?

- Kosovonun son oyunları göstərir ki, hücum potensialları yuxarıdır və bundan düzgün istifadə edirlər. Futbolçularıma demişəm ki, müdafiədə düzgün oynamağı bacarmalıyıq. Rəqibin qarşısını almaq üçün müdafiədə səhvlər etməməliyik. 

 

- Farer adaları ilə oyunda zədə alan Pavel Paşayevin durumu necədir?

- Paşayevlə bağlı yekun qərarı sabah verəcəyik. Kamran Ağayev barədə məlumatınız var. Digər futbolçularımızın kiçik zədələri olsa da, oyuna hazır olacaqlar. Zədələr barədə düşünmürəm. Sabah hər bir oyunçunu ürəklə meydana buraxa biləcəyəm. Çünki onları tanıyıram və istəkli olduqlarını bilirəm.   

 

- Son oyunla müqayisədə heyətdə hansı dəyişikliklər edəcəksiniz?

- Demək olar ki, heyəti müəyyənləşdirmişəm. Lakin sabaha qədər vaxtımız var. Səhər məşqindən sonra heyətlə bağlı yekun qərar verəcəyəm. Cüzi dəyişikliklər edə bilərik.


Xəbər xətti