Nizami Hacıyevlə Mirhüseyn Seyidovun cinayət işinə xitam verildi: günahları sübut olunmadı!

17:23 20 Noyabr 2018

Ötən il dekabrın ilk günü iki futbolçu – Nizami Hacıyevlə Mirhüseyn Seyidov üçün unudulmaz gün kimi tarixə düşdü.

 

Sportarena.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin keçirdiyi iclasdan sonra oyunların idman nəticələrinin manipulyasiyasında təqsirləndirilən “Keşlə”nin iki yarımmüdafiəçisinə futbola aid hər bir işdə ömürlük qadağa qoyuldu. Bu isə adıçəkilənlərin danışılmış oyunlarda birbaşa iştirak etməsi demək idi. Lakin söhbətin konkret hansı qarşılaşma(lar)dan getməsi haqda məlumat verilmədi. Nə AFFA bu mənada ad çəkdi, nə də futbolçuların özləri bilgi verdilər. Uzaqlaşdırıldılar və o vaxtdan da futboldan uzaq düşdülər.


 Apellyasiya şikayətləri də təmin olunmadığından, düşünmək olardı ki, adamların günahı sübuta yetirilib. Hətta AFFA-nın baş katibi Elxan Məmmədov açıqlamalarında araşdırmaların davam etdiyini və bu üzdən məsələ ilə bağlı söz deyə bilməyəcəyini söyləmişdi. Amma yox... Olduqca etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, futbolçuların günahı sübuta yetirilməyib. Bakı Şəhər Prokurorluğunda günahlandırılan şəxslərin işinə baxılsa da, geridə qalan bir ildə konkret hansı suçun sahibi olduqlarını müəyyən etmək mümkün olmayıb. Belədə həm onların, həm də Ağakişi Mehdizadənin cinayət işinə xitam verilib. Mənbənin dediyinə görə, hətta bununla bağlı futbolçuların özlərinə bildiriş məktubu ünvanlanıb.

 

Mövzu ilə bağlı hər iki futbolçuyla əlaqə saxladıq. Amma həm Nizami, həm də Mirhüseyn açıqlama vermək istəyində olmadıqlarını dedilər. Hər halda, durumları kimi, danışmaqdan boyun qaçırmaları da anlaşılandı. Cinayət işinə xitam verilsə də, bu onların futbol oynamaq imkanına sahib olduqları anlamına gələ bilməz. Belə olması üçün AFFA-nın İntizam Komitəsinin ömürlük qadağası aradan qaldırılmalıdı. Bu işdə söz sahibi isə qurumun prezidenti Rövnəq Abdullayev, lap dəqiq desək, Elxan Məmmədovdu. Məmmədov “OK” versə, yanvardan etibarən Hacıyevlə Seyidovu hansısa komandanın heyətində görə bilərik. ("Futbol plus" qəzeti)


Xəbər xətti